Fransa vətəndaşı Peter Şerif Parisdə mühakimə olunur
Yəməndə 7 il Əl-Qaidə ilə birlikdə olmuş Fransa vətəndaşı Peter Şerif Parisdə mühakimə olunur. O, “cinayət terror sui-qəsdində” iştirakda ittiham edilir və 2011-ci ildə Yəməndə oğurlanmış üç fransızı girov saxlamaqda şübhəli bilinir. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
Sentyabrın 16-da başlayan məhkəmə prosesində təqsirləndirilən şəxsin uşaqlıq dostu Şerif Kouaçinin işə götürülməsindəki rolunu da aydınlaşdırmağa çalışılacaq. O, qardaşı Səid Kouaçi ilə birlikdə 2015-ci il yanvarın 7-də Parisdə həftəlik “Charlie Hebdo” nəşrinin ofisinə silahlı hücum edib. İkisi polis olmaqla 12 nəfər həlak olub. Hər iki şəxs avtomat silahdan otuza yaxın atəş açıb. Ölənlər arasında karikaturaçı rəssamlar 47 yaşlı Stefan Şarbonye, 76 yaşlı Jan Kabu, 80 yaşlı Corc Volinski və 57 yaşlı Bernard Verlak da var.
Əbu Həmzə kimi tanınan Peter Şerif 1982-ci ildə Parisdə anadan olub. O, silahlı quldurluq və narkotik alverində iştirakı ilə tanınıb.
İndi 42 yaşlı parisli cihadçı terrorla bağlı işlər üzrə xüsusi Paris məhkəməsinin qarşısına çıxıb. O, Ərəbistan yarımadasında Əl-Qaidə sıralarında olması və üç fransız girovunun saxlanmasında iştirakı ilə bağlı suallara cavab verməli olacaq. Eyni zamanda, Piter Şerif məhkəmədə “Charlie Hebdo” jurnalının redaksiyasına silahlı hücum planının hazırlanmasında oynadığı rolu izah etməli olacaq.