Cəmiyyətin qınağına ən yaxın hədəf: deputatlara aqressiyanın səbəbləri barədə

Cəmiyyət

24.06.2022 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Gültəkin Hacıbəyli: “Parlamentdə əhalinin sosial problemlərini qaldırmaq əvəzinə öz maaşlarını qaldırtdırırlar”

İqbal Ağazadə: “Onlar seçicilərin deyil, hökumətin yanında yer alırlar”

Deputatların əməkhaqqının qaldırılması məsələsi cəmiyyət tərəfindən heç də xoş qarşılanmayıb. Görünən odur ki, əksəriyyət bunu lüzumsuz qərar hesab edir. Bu barədə mətbuata danışan deputatların fikrinə qaldıqda isə, onlar heç də belə düşünmürlər. Deputatların sözlərinə görə, onlar da işləyir, əziyyət çəkirlər.

Eyni zamanda, Milli Məclis üzvləri qeyd edirlər ki, inflyasiya səviyyəsinin yüksəlməsi, bahalaşma onlardan da yan keçmir və bu səbəbdən də əməkhaqlarının artırılması çox təbiidir.

Lakin cəmiyyətin böyük əksəriyyəti heç də bu fikirdə deyil. Hər nə qədər həmin maaşla dolandığı deyilən deputatlar olsa da, əksər Məclis üzvlərinin bizneslərinin olduğu və maaşın qəpiyinə də ehtiyac hiss etmədikləri haqda məlumatlar, müzakirələr dolaşır. Yeri gəlmişkən, maaş artımı gündəminin ardınca deputat Fəzail Ağamalının bahalaşmaya diqqət çəkərək, bir kilo gilas ala bilmədiyini söyləməsi də eyni kinayə ilə qarşılanıb.

Onu da qeyd edək ki, deputat Razi Nurullayev əməkdaşımızla söhbətində cəmiyyətin parlamentə acıqlı yanaşmasından təəccübünü ifadə etmişdi. Bildirmişdi ki, bütün problemlərin səbəbkarı kimi parlamenti görmək yanlışdır.

Bəs, görəsən, bu kinayənin, tənqidlərin altında yatan səbəblər nələrdir? Deputatlar bu qədər tənqid, yeri gələndə daşqalaq olunmağa layiqdirlərmi?

Milli Məclisin sabiq üzvü Gültəkin hacıbəyli AYNA-ya açıqlamasında deyib ki, bu aqressiyanın bir çox səbəbləri var: “Bu səbəblərdən birincisi odur ki, həmin deputatlar seçilmiş yox, təyin edilmiş deputatlardır. Əslində, təmsilçisi olmalı olduqları Azərbaycan xalqını yox, onları təyin edən şəxsi təmsil edirlər. Bu baxımdan onlar xalqın qayğılarından, problemlərindən uzaqdadırlar. Deputatlar parlamentdə Azərbaycan xalqının üzləşdiyi problemləri qaldırmırlar. Ölkədə işsizliyin səviyyəsi yüksəkdir. Bu barədə deputatlardan nəsə eşitmirik. İşləyən az sayda insanların belə, əksəriyyəti 300-500 civarında pul alır. Bu da yaşam şərtləri üçün kifayət deyil. Bu barədə parlamentdə çıxış etmirlər, amma vaxtaşırı özlərinin maaşlarının, imtiyazlarının artırılmasını dilə gətirirlər. Bu zaman xalq da haqlı olaraq onlara qarşı bu cür neqativ reaksiya verir”.

“Mən istəyərdim, deputatların maaşı daha da yüksək olsun. Azərbaycanda millət vəkilləri, nazirlər, məmurlar qat-qat artıq maaş alsınlar. Amma sosial ədalətsizlik bu səviyyədə olmamalıdır axı. Müəllim 300-500 manat maaş aldığı halda millət vəkili isə 7-8 min manat əməkhaqqı alırsa, bu, çox böyük sosial ədalətsizlikdir. Heç olmasa müəllimin maaşı deputatın maaşının yarısı səviyyəsində olmalıdır ki, o da ailəsinin qayğılarını qarşılaya bilsin. Əks halda indiki maaşla Azərbaycanda ailə dolandırmaq mümkün deyil. Azərbaycan cəmiyyətinin böyük bir hissəsinə qarşı bu cür ayrı-seçkilik ola-ola, deputatların onsuz da yüksək olan maaşlarının yenidən artırılmasının cəmiyyətdə narazılıq doğurması təbiidir”, - deyə həmsöhbətimiz bildirib.

O, sosial problemlərin fonunda ancaq deputatların insanların hədəfinə tuş gəlməsinin də öz səbəbi olduğu qənaətindədir: “Prezident Adminsitrasiyasında çalışanlar, hakimlər, prokurorlar, polis rəisləri heç də deputatlardan az maaş almırlar. Daha yüksək maaş alanları da var. Hesab edirəm ki, deputatların daha çox hədəfə tuş gəlməsində sanki hakimiyyət özü də maraqlıdır. İnsanlar tarıma çəkilmiş əsəblərini deputatları tənqid etmək, söyməklə sakitləşdirirlər”.

Hacıbəylinin fikrincə, deputatlara olan münasibət ölkədəki ictimai ədalətsizliyə olan münasibətdir: “İnsanlar məsələn, məhkəmənin ədalətsiz olduğunu bilirlər, amma prokurorları, hakimləri tanımırlar. Deputatlar isə göz önündə olan adamlardır. Ona görə də camaat hirsini onlardan çıxır. Lakin ədalət naminə deyim ki, sadaladığım bütün digər vəzifə sahibləri ilə müqayisədə deputatların az maddi məsuliyyəti var. Çünki onlar, məsələn, hakim kimi kiminsə günahsız yerə həbsinə qərar vermir, prokuror kimi yalan ittiham irəli sürmürlər və s. Bu baxımdan cəmiyyətin bütün nifrətinin deputatlara yönəlməməli olduğunu başa düşürəm”.

“Deputatlar kim olduqlarını anlamalıdırlar. Ölkədə Prezidentdən sonra yalnız Milli Məclis üzvləri birbaşa seçki yolu ilə, xalqın səsi ilə seçilməli orqandır. Onlar əslində necə olmalı olduqlarını dərk etsələr, özlərini başqa cür apararlar. Heç cür təsəvvür edə bilmirəm ki, millət vəkili statusunda olan bir insan nə üçün bu qədər absurd, insanlarda gülüş doğuran fikirlər səsləndirməlidir... Görünür, onlar özləri də bilirlər ki, ədalətli seçki ilə seçilməyiblər, xalq qarşısında heç bir məsuliyyətləri yoxdur”, - deyə keçmiş deputat vurğulayıb.

Milli Məclisin daha bir sabiq üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadənin də AYNA-ya dediyinə görə, bu aqressiyanın kökündə yatan səbəb deputatların seçicilər tərəfindən seçilməmələridir: “Seçicilər bilirlər ki, o deputatların heç birini özləri seçməyiblər, onlar təyin olunublar. Əgər seçilmiş olsaydılar, camaat öz seçdiyinə o cür münasibət göstərməzdi”.

Müsahibimizin fikrincə, deputatlar seçicilərin maraqlarını müdafi etmək yerinə, hökumətin yanında dayandıqları üçün bu münasibətə layiqdirlər: “Deputatlar vəzifələrini yerinə yetirə bilmirlər. Hakimiyyətin sifarişini yerinə yetirirlər. Qiymətlər qaldırılanda deyirlər ki, “əladır, bu, vətəndaşa təsir etməyəcək” və s. Ona görə də vətəndaş bu məsələdə deputatın yanında deyil. Deputat hökumətin sifarişini yerinə yetirir, seçicinin yox. Əgər deputat hökumətin yox, seçicinin sifarişini yerinə yetirmiş olsaydı, deputatlığa münasibət belə olmazdı”.

Müəllif: Aləmdə Nəsib