Cəmiyyət ədalət istəyir: “Top” hökumətin qapısında

Cəmiyyət

10.06.2020 - 10:57

Deputat: “Ümid edirəm ki, obyektiv bir araşdırma olacaq”

 

Hüquq müdafiəçisi: “Bu, hökumət üçün bir fürsət ola bilər”

 

İyunun 6-7-də Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda karantin rejiminin sərtləşdirilməsi qərarı müxtəlif olaylara yol açdı. Əsas narahatlıq doğuran hadisə isə paytaxtın Yeni Yasamal ərazisində yaşandı. İyunun 7-də həmin ərazidəki sakinlərdən biri qadağaya əməl etməyərək həyətə çıxdığına görə polislər tərəfindən zorla maşına mindirilib aparılarkən binaların sakinləri buna etiraz etdilər. Bəzi eyvanlardan aşağıya zibil atıldı.

 

Buna cavab olaraq, iyunun 8-də səhər saat 07 radələrində həmin məhəlləyə Çevik Polis Alayı yeridildi. Polislər zorla mənzillərə daxil olaraq, bir gün öncə eyvanlardan zibil atdığı iddia olunan şəxsləri yataqdan qaldırıb, bəzilərini, hətta yarıçılpaq şəkildə tutub apardılar. Sosial mediada yayılan videolardan polisin istər sakinlərlə, istərsə də saxlanılan şəxslərlə sərt davranışı müşahidə olunur.

 

Bu hadisə sosial mediada qızğın müzakirələrə yol açıb. Polisin davranışını qınayanlar da var, bir gün əvvəlki zibilatma hərəkətinə cavab hesab edib, haqq qazandıranlar da.

Ülviyyə Şahin