Qırğızıstan Prezidenti türkiyə Prezidentini ölkənin ali mükafatı ilə təltif edib
Qırğızıstan Prezidenti Sadır Caparov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı respublikanın ali dövlət mükafatı - birinci dərəcəli “Manas” ordeni ilə təltif edib. AYNA xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb.
Orden Bişkekdə Prezident Administrasiyasının “İntımak Ordo”nun yeni binasında liderlərin görüşü zamanı təntənəli şəkildə təqdim edilib. Caparovun sözlərinə görə, orden Ərdoğanın Qırğızıstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə verdiyi böyük töhfəyə görə verilib.
Birinci dərəcəli “Manas” ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətləri olan şəxslərə verilir.