“Burada koronavirus təhlükəsindən daha arxayınam...” - <font color=red> Çində yaşayan soydaşımız</font>

Cəmiyyət

04.02.2020 - 13:05

Şövkət Məmmədova: “Bazarlara gələn insanların temperaturu xüsusi cihaz vasitəsilə ölçülür, bu prosedurdan keçməkdən imtina edənlər bazara buraxılmır”

 

2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində naməlum etiologiyalı pnevmoniya xəstəliyi qeyd alındı. Sonradan məlum oldu ki, xəstəliyin törədicisi yeni bir koronavirus növüdür - 2019-nCoV. Təxmini hesablamalara görə, bu virus heyvanların qanunsuz yollarla satıldığı Vuhan şəhər bazarından yayılmağa başlayıb.

 

Qısa müddət ərzində bu virus Tayland, Cənubi Koreya, Yaponiya və bir sıra digər ölkələrə yayıldı. Xəstəliyin Azərbaycanda yayılması rəsmi təsdiqlənməsə də, bəzi media mənbələri koronavirusun ölkəyə daxil olduğunu, xəstə və hətta ölüm hallarının baş verdiyini iddia edir. Bir sıra KİV-lər isə insanların panikaya qapılmaması üçün koronavirusa yoluxanların regional xəstəxanalarda yerləşdirildiklərini yazır.

 

Hazırda Foşan şəhərində (Çinin Guangdong əyaləti) yaşayan həmyerlimiz Şövkət Məmmədova oradakı son vəziyyəti AYNA-ya açıqlayır. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, virusun geniş yayıldığı Çində panika yoxdur.

 

“Çində Azərbaycandan fərqli olaraq tibb çox yüksək səviyyədədir və hökumət bu virusa qarşı mübarizə üçün əlindən gələni edir. Şəhərimiz Vuhan şəhərindən 1500 km məsafədə yerləşir. Koronavirusun yayılmasından sonra Foşanda da karantin tətbiq olundu. Bütün ictimai tədbirlər və əyləncələr ləğv edildi. Bütün böyük şirkətlərin işi dayandırılıb. Şəhərimizdə, təxminən 230 nəfər bu virusa yoluxdu. Ancaq heç kim ölmədi və çoxu artıq sağalıb” - deyə Şövkət Məmmədova bildirir.

 

Soydaşımızın sözlərinə görə, Foşanda sakinlərin əksəriyyəti evdən çıxarkən mütləq şəkildə tibbi maskadan istifadə edir: “Bazarlara gələn insanların temperaturu xüsusi cihaz vasitəsilə ölçülür. Bu prosedurdan keçməkdən imtina edənlər bazara buraxılmır. Vətəndaşların hərarəti, binanın girişindəki idarəetmə şirkətinin işçiləri tərəfindən evə qayıtdıqdan sonra da ölçülür. Yüksək temperatur aşkar edilərsə, vətəndaşlar mütləq müayinə üçün xəstəxanalara göndərilirlər”.

 

Ş.Məmmədova əlavə edir ki, yaşadığı şəhərdə virus yayılmasına baxmayaraq, Azərbaycana qayıtmaq niyyətində deyil: “Çünki bu gün Azərbaycanda buna yoluxmaq riski daha yüksəkdir, nəinki Çində. Yəni burada daha arxayınam”.

Müəllif: Rəşad Rüstəmov