“Bundan sonra “Taliban” ölkə ərazisini sələfilərdən təmizləyəcək”

Dünya

17.08.2021 - 20:17

İqor Semivolos: “Neçə ildir ki, “Taliban” ilə İŞİD arasında amansız müharibə gedir”

 

Gözlənildiyi kimi, Amerika ordusunun Əfqanıstandan çıxmasından sonra “Taliban” qısa müddətdə ölkədə hakimiyyəti ələ aldı. Bu ssenarini, yəqin ki, 20 il əvvəlki hadisələri xatırlayan hər kəs ehtimal edirdi. O zaman “Taliban” ölkədə ən effektiv və çoxsaylı ordu yaratmış, hakimiyyəti ələ keçirmiş və bir neçə il Əfqanıstanı idarə etmişdi.

 

Ölkə eyni zamanda, radikal cərəyanda yer alan, ekstremizm istiqamətində beyinləri yuyulan təxribatçılar üçün bir çox təlim düşərgəsi təşkil etməklə məşhur oldu. Bu, zəif dünyagörüşü olan gənclərin həmin düşərgələrə cəlb edildiyi bir çox müsəlman dövləti üçün başağrısına çevrildi. Müvafiq “müalicədən” sonra evlərinə qayıtdılar və burada insananifrət fikirlərinə əsaslanan bu infeksiyanı yaymağa davam etdilər. Bəziləri geri dönməzdən əvvəl bir sıra Yaxın Şərq ölkələrində terror təşkilatlarının tərəfində gedən döyüşlərdə iştirak etməyi bacardılar. Bu problem Azərbaycandan da yan keçmədi.

 

11 sentyabr 2001-ci ildən sonra Amerika və müttəfiqləri Əfqanıstana daxil oldular və “Taliban”ı, yarı-leqal vəziyyətdə fəaliyyətini davam etdirdiyi ölkənin cənubundakı uzaq əyalətlərə sıxışdırdılar.

 

Lakin “Taliban” ilk dəfə hakimiyyətdən məhrum edildikdən və Kabildən qovulduqdan sonra, çoxmillətli hərbi kontingentin ölkəni tərk edən kimi dərhal geri dönəcəyi çoxlarına aydın idi. Niyə? Çünki 90-cı illərdə Əfqanıstanın dünyəvi hakimiyyətinin rəsmi ordusu “Taliban”a xüsusi müqavimət göstərmədi, az bir toqquşmada mövqelərini çox tez təslim etdi.

 

2001-ci ildən sonra, çoxmillətli koalisiyanın gəlişi ilə yaradılan yeni hökumət ordusu yalnız şou üçün mövcud olan etibarsız fon idi. Və son bir neçə günün hadisələri bunu çox açıq şəkildə göstərdi.

 

Ancaq sual daha aktualdır: bundan sonra nə olacaq? Əfqanıstanın “Taliban” dövründə yenidən bütün müsəlman dövlətlərində qeyri-sabitlik ocaqlarını canlandırmağa başlayacaq? Fərqli ölkələrdən çılğın intiharlar üçün böyük bir hərbi təlim düşərgəsinə çevrilməyəcəyinə kim zəmanət verir? Axı bu, həm Azərbaycan, həm də bir sıra qonşu dövlətlər üçün təhlükədir.

 

Mövzunu AYNA-ya ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos şərh edib:

Предложения Ирана по Карабаху пока мало напоминают план» - Игорь Семиволос  - ZERKALO.AZ - Новости Азербайджана и мира.

“Əlbəttə ki, “déjà vu” hissi var. 1989-cu ildə Sovet qoşunları Əfqanıstandan çıxarkən Amerika qəzetlərinin başlıqlarını xatırlayın: "Sovetlər qoşunlarını Əfqanıstandan çıxarır və kukla rejimin taleyi yaxın aylarda həll olunacaq". Bu gün eyni ssenarinin mütləq dəqiqliklə necə təkrarlandığını görürük - Amerika qoşunları ölkəni tərk etməmiş daha bir "kukla rejimi" yıxıldı. Kabilin sürətlə yıxılması və Amerika səfirliyinin üstündə uçan bir vertolyotun şəkli, hava limanında çaxnaşma vaxtı ilə Sayqondan təxliyə kabusunu yenidən canlandırır. İyul ayında belə bir fikri yaxına belə, buraxmayan Amerika Prezidentinin də dediklərini xatırlamağa dəyər.

 

Deməliyəm ki, Əfqanıstanı tərk etmək fikri 2000-ci illərin sonlarından bəri populyar idi: o zaman məlum oldu ki, “Taliban” yox olmayıb və onlarla qarşıdurma uzun sürən bir partizan hərəkatı xarakteri aldı. Beynəlxalq kontingentin Əfqanıstandan 2011-ci ildə “Neptun nizəsi” əməliyyatı çərçivəsində Üsamə bin Ladenin məhv edilməsindən sonra çıxarılması tamamilə mümkün idi, amma o zaman ortaya yeni bir təhlükə - İŞİD çıxdı və çıxış qərarı reallaşmadı.

 

İŞİD-lə yeni qarşıdurmada amerikalıların birdən yeni bir müttəfiqi ortaya çıxdı – “Taliban”. Və burada sizinlə razılaşmıram ki, “Taliban” sələfilərdir. Sadəcə deyil - əksər hallarda Hənəfi məzhəbindəki mühafizəkar asketik cərəyanının tərəfdarlarıdır və bütün müsəlman ölkələrində dünya xilafəti qurmağı qarşısına məqsəd qoymuş sələfi (vəhhabi) İslamının tərəfdarları deyillər. Onların fikir üfüqləri Əfqanıstan sərhədləri ilə məhdudlaşır və genişlənmə planlarını bəyənmirlər.

 

Yaxşı, soruşursunuz: bəs “Əl-Qaidə” necə oldu? “Əl-Qaidə” liderləri “Taliban”ın yaradıcısı Molla Məhəmməd Ömərin qonağı olub və onun səlahiyyətini tanıyıblar. Amma sonra İŞİD-çılər 2015-ci ildə Böyük Xorasanda xilafət elan edərək “Taliban”a meydan oxudular. O andan etibarən, qəddarlığı ilə vətəndaş müharibəsinin bütün əvvəlki qanlı epizodlarını kölgədə qoyan “Taliban” və İŞİD arasında barışmaz bir müharibə gedir.

 

Yeri gəlmişkən, İŞİD liderlərinin havadan məhv edilməsini əlaqələndirmək də daxil olmaqla, “Taliban” rəhbərliyi ilə Amerika komandanlığının mövqelərini bir araya gətirməyi mümkün edən bu fakt idi. Panislam hərəkatlarına aktiv müxalifət də “Taliban” və Rusiya ilə Çin arasındakı münasibətlərin isinməsinə səbəb oldu. Çox güman ki, “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra nəhayət öz ərazilərini dünya xilafəti tərəfdarlarından təmizləyəcək.

 

“Taliban”la panislamistlər arasında indiki qarşıdurmanın uzunmüddətli bir tendensiya olub-olmadığını söyləmək çətindir, lakin beynəlxalq aləmdə tanınmağa çalışdıqlarını və 2020-ci ildə amerikalılarla imzalanan müqaviləyə sadiq olduqlarını vurğuladıqlarını nəzərə alaraq, mümkündür ki, Əfqanıstan ekstremist islamçı hərəkatların yuvası kimi faəliyyət göstərməkdən birdəfəlik çəkinsin”.

Müəllif: Rauf Orucov