Builki buraxılış imtahanlarının özəllikləri – <font color=red> DİM izah edir</font>

Cəmiyyət

10.06.2020 - 17:23

İmtahanlarda pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına riayət edilir

 

Bu il ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları hansı qaydalarla keçiriləcək? Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olunmaq üçün qabiliyyət imtahanları olacaqmı? Magitstraturaya qəbul prosesi hansı qaydalarla aparılacaq?

 

Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin qəbul imtahanlarına da təsir edəcəyi ilin əvvəlindən proqnozlaşdırılırdı. İndi isə imtahanların mövsümü başlamaqdadır. Bəs proseslər hansı qaydalarla həyata keçiriləcək?

 

AYNA-nın suallarını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, imtahanlarda pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına riayət ediləcək: “Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə, xüsusi geyim, əlcək, tibbi maska və digər ləvazimatlarla təmin olunması həyata keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahan günündən 2 gün əvvəl də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən, sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir”.

Xanlar Xanlarzadə: Qəbul imtahanlarında fənlər üzrə bal ...

DİM sözçüsü deyib ki, bu il xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə qabiliyyət imtahanı keçirilməyəcək: “V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində abituriyentin topladığı yekun balı əsasında aparılacaq. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək. Bu il üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ziziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində toplanılan yekun bal əsasında aparılacaq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər, yalnız rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər dizayn ixtisası üzrə müsabiqəyə, yalnız qəbul imtahanının birinci mərhələsində topladıqları yekun bal əsasında qatılacaqlar. Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənlərinin də sayı azaldılacaq”.

 

“Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA), yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcək. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaq”, - Xanlarzadə bildirib.

 

Əlavə edib ki, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları, xanəndəlik, vokal sənəti, aşıq sənəti və xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları istisna olmaqla, bütün ixtisaslar üzrə keçiriləcək: “Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz”.

 

DİM təmsilçisi magistratura üzrə qabiliyyət imtahanlarının necə keçiriləcəyinə də aydınlıq gətirib: “Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarının ixtisaslaşmaları ilə yanaşı, 37, 50, 53 və 74 saylı proqramlara aid nəzəri ixtisaslaşmaları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçmək istəyən və qəbul imtahanındakı nəticələri müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar 2020-ci il iyunun 8-dən 18-dək keçiriləcək ixtisaslaşma seçiminə buraxılırlar. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 70 saylı proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarını seçmək istəyən bakalavrlar isə 10 iyun 2020-ci il tarixində qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və 2020-ci il iyunun 11-dən 12-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı ADRA-da yalnız ADRA-nın ixtisaslaşmalarına qəbul üçün təşkil ediləcək. Bu proqram üzrə qabiliyyət imtahanında bakalavr ixtisaslaşmaya müvafiq tapşırıq yerinə yetirməlidir”.

 

“Bakalavrın tapşırıq üzrə yerinə yetirdiyi iş onun peşəkarlıq, müstəqil yaradıcı fəaliyyət qabiliyyətini və kompozisiyanı düşünmə səviyyəsini nümayiş etdirməlidir. İmtahana 8 akademik saat vaxt verilir. Qabiliyyət imtahanından məqbul qiymət almış bakalavrlar ADRA-nın müvafiq ixtisaslaşmalarını seçə bilərlər. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrların magistraturaya qəbul imtahanında topladıqları ballar və orta müvəffəqiyyət göstəriciləri əsasında aparılacaq”, - X.Xanlarzadə vurğulayıb.

 

Xatırladaq ki, buraxılış imtahanlarının keçirilməsinə bu gündən başlanılıb. Ümumi qrafik belədir:

 

10 iyun - 9-cu sinif üzrə buraxılış imtahanları;

11 iyun- 11-ci sinif üzrə buraxılış imtahanları;

18 iyun - Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

19 iyun - Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Müəllif: Bünyamin