Siyahıda Vladislav Qolovin və Qriqori Qurovun da adı var
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 85 maddə ilə genişləndirərək həm fiziki, həm də hüquqi şəxsləri əlavə edib.AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Maliyyə Nazirliyi məlumat yayıb.
Xüsusilə, "Yunarmiya" hərəkatının Baş Qərargah rəisi Vladislav Qolovin və Gənclər İşləri üzrə Federal Agentliyin (Rosmolodej) rəhbəri Qriqori Qurova qarşı sanksiyalar tətbiq edilib.
Siyahıya İnternet İnkişafı İnstitutu, Sosial Dizayn Agentliyinin bir neçə əməkdaşı, Sevastopol Dövlət Universiteti və Krım sağlamlıq kurort kompleksinin bir neçə müəssisəsi daxildir.
Şimali Koreyadakı “Sonqdovon” Beynəlxalq Uşaq Düşərgəsi də sanksiyalara məruz qalıb.
Böyük Britaniya Maliyyə Nazirliyi bu şəxslərə və təşkilatlara qarşı sanksiyaların tətbiqini əsaslandırarkən onların Ukraynadakı vəziyyətin qeyri-sabitləşməsinə və ərazi bütövlüyünə və suverenliyinə xələl gətirilməsinə töhfə verdiyini və ya bunda iştirak etdiyini bildirib.
Qeyd edək ki, mayın 5-də London Rusiya Federasiyası ilə əlaqəli 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etmişdi.