Böyük maxinasiya, illərin hay-küyü və müşahidəçilərin dünyadan xəbəri yoxdur

Cəmiyyət

28.07.2021 - 23:25

Vüqar Səfərlinin dövlət vəsaitinin altından girib, üstündən çıxdığı vaxtlarda Müşahidə Şurası nəyi müşahidə edirdi?

 

27 iyun 2021-ci ildə, o zamankı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi başladı. O, mənimsəmə və xüsusilə böyük ziyan vurmaqda, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulun leqallaşdırılmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhmin Yaqubov, Şahin İbrahimov və Namiq Hacıyev də cinayət məsuliyyətinə cəlb ediliblər.

 

Xatırlatmaq istərdik ki, dövlət başçısının 1 yanvar 2021-ci il tarixli fərmanı ilə KİVDF Medianın İnkişafı Agentliyinə (MEDİA) çevrildi.

 

28 yanvar 2021-ci ildə “Ayna”da “İcraçı direktor pulları  mənimsəyir, Müşahidə Şurası ancaq müşahidə edirdi?” başlıqlı məqalə dərc edilmişdi. Məqalədə vəkil Ələsgər Məmmədlinin Vüqar Səfərlinin törətdiyi cinayətlərdən xəbərdar olanların cinayət məsuliyyətinə cəlb edilməli olduğu barədə fikirləri yer almışdı: “Və Müşahidə Şurasının üzvləri, Fondun icra orqanlarının fəaliyyətinə nəzarət etməli olduqları üçün heç bir addım atmadıqlarına görə cavabdeh ola bilərlər”.

 

Qeyd edək ki, V.Səfərlinin icraçı direktor vəzifəsində çalışdığı illərdə jurnalistlər üçün tikilən mənzillərlə etdiyi maxinasiyalar, medianın inkişafı üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi barədə mətbuatda çox tez-tez məlumatlar yayımlanırdı.

 

“Yeni Nəsil” Jurnalistlər İctimai Birliyinin sədri Arif Əliyevin AYNA-ya dediyinə görə, ciddi korrupsiya pozuntuları barədə məlumatlar yalnız Müşahidə Şurası tərəfindən deyil, eyni zamanda hüquq mühafizə orqanları tərəfindən də müzakirə obyekti olmalıdır: “Müşahidə Şurası bir nəzarət orqanı olaraq, KİVDF-də maliyyə pozuntuları barədə məlumatları yoxlamalı idi”.

 

Nə üçün Müşahidə Şurasının üzvləri oradakı maliyyə pozuntuları barədə məlumatları yoxlamayıblar? 2009-cu ildən 2017-ci ilə qədər KİVDF Müşahidə Şurasının üzvü olan Müşviq Ələsgərli AYNA-nın sualına cavab olaraq bildirib ki, ilin əvvəlində Müşahidə Şurasına bir fəaliyyət planı təqdim olunur və ilin sonunda Müşahidə Şurasına bu planın icrası barədə hesabat təqdim edilir.

 

“Mən Müşahidə Şurasının üzvü olduğum zaman, həmişə Fond rəhbərliyindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (keçmiş Dövlət Satınalmalar Agentliyi) tərəfindən həyata keçirilmiş satınalmalarla bağlı hesabatların bizə verilməsini tələb edirdik. Və bu hesabatlar bizə təqdim edilirdi. Başqa nə edə bilərdik?!”, - deyə o söyləyib.

 

Xatırlatmaq istəyirik ki, 2017-ci ilin may ayında Müşahidə Şurasının tərkibi tamamilə yeniləndi. Ancaq Müşahidə Şurasının yeni üzvləri də KİVDF-dəki maxinasiyalarla bağlı məlumatlara reaksiya vermədilər.

 

Fondun Müşahidə Şurasının yenilənmiş tərkibinin üzvü, “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmovun dediyinə görə, Vüqar Səfərlinin qanunsuz əməlləri barədə mətbuatda məlumatlarla rastlaşmayıb. Göründüyü kimi, şəxs jurnalistlərin hüquqlarını qorumaqla o qədər məşğul idi ki, medianı heç oxumayıb. İnanmaq çətindir, amma belə də olur...

 

Yenilənmiş Müşahidə Şurasının digər üzvü, Əvəz Rüstəmovdan fərqli olaraq, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Departamentinin çap nəşrlər qrupunun rəhbəri Rasim Həsənov AYNA-ya deyib ki, Səfərlinin maxinasiyaları haqqında mətbuatda məlumatlara rast gəlib. “Bu məsələ Müşahidə Şurasının iclaslarında müzakirə olunubmu?” sualına Rasim Həsənov mənfi cavab verib: “Bu məsələ iclasların gündəliyində salınmayıb”.

 

Bəs niyə özü da daxil olmaqla, Şura üzvləri bu məsələni gündəmə gətirməyib, iclasların gündəliyinə salınmasını tələb etməyiblər məsələsinə gəldikdə, Həsənov lakonik cavab verib: “İclasın gündəliyini Müşahidə Şurasının sədri müəyyənləşdirir”.

 

Yenilənmiş Müşahidə Şurasının sədri, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənovla əlaqə saxlamağa və Vüqar Səfərlinin maxinasiyaları ilə bağlı məlumatların rəhbərlik etdiyi qurumun iclaslarında niyə heç zaman müzakirə mövzusu olmadığını öyrənməyə çalışdıq. Ancaq təəssüf ki, onunla əlaqə yaratmaq cəhdlərimiz uğursuz oldu...

Müəllif: Rəşad Rüstəmov