""Samovar metodundan" əl çəkib, elmi prinsiplərə keçməlidirlər"
"Son onilliklərdə Azərbaycan elmində yalançı etimologiyalar əsasında ciddi tarixi məsələləri "həll etmək" hallarına tez-tez rast gəlinir. Qədim mənbələrdə rast gəlinən hansısa naməlum bir yer, tayfa və ya etnos adını zahiri səs bənzərliyi baxımından hansısa bir türk sözünə bənzədib, sonra da bundan digər səhv elmi nəticələr çıxarırlar". AYNA xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru, professor Kamil Allahyarov bildirib.
Professorun sözlərinə görə: "Bunun nə qədər yanlış olmasını izah etmək üçün belə bir analoq aparaq. Tutaq ki, bir adam eşidib ki, onun "Həsən" adlı ulu babası Gəncə qəbristanlıqlarından birində dəfn edilib. O, Gəncəyə gedib, burada tapdığı elə birinci qəbristanlıqda ilkin olaraq rast gəldiyi "Həsən" yazılmış başdaşını görən kimi bunu öz ulu babasının qəbri hesab edir. Halbuki həm bu, həm də digər Gəncə qəbristanlıqlarında nə qədər də başqa "Həsən" adlı adamlar dəfn ediliblər və bunlardan hansının onun ulu babası olmasını müəyyənləşdirmək üçün bu adam nə qədər tarixi axtarışlar aparmalıdır. Ancaq belə axtarış aparmaq çox çətindir və hər adamın da işi deyil. Bizim etimoloqlar da eynilə bu adamın yolu ilə gedirlər; onlar üçün əsas odur ki, maraqlandıqları tarixi adı zahiri səs bənzərliyi baxımından təki hər hansı bir türk sözünə bənzətsinlər. Halbuki səs tərkibi baxımından həmin ada bənzər sözlərə bütün dünya dillərində rast gəlmək mümkündür. Bunun səbəbi isə onunla bağlıdır ki, dünya dillərində olan milyardlarla sözlərin hamısı orta hesabla 30-35 eyni səsin bir-birilə müxtəlif kombinasiyalarda birləşməsindən yaranıblar və buna görə də dünya dillərində zahiri səs bənzərliyi baxımından çoxsaylı oxşar sözlərin ortaya çıxması obyektiv zərurətdir".
Kamil Allahyarov: "Məsələn, bizim "quş" səs birləşməsi farsca "qulaq", "bir" sözü isə ingiliscə "pivə" deməkdir. Elə eyni bir dilin özündə də nə qədər omonim sözlər olur. Belə şeylərdən xəbərsiz olan bizim yalançı türkçülərin fikrincə isə avropalıların "adyutant" sözu bizim "at tutan", "apparat" sözu "apar at", Madaqaskar adasının adı "Məşədi Əskər" sözlərindən yaranıblar. Belə şeylər isə elm üçün yox, bədii ədəbiyyat üçün yararlı ola bilər. Məsələn, fars yazıçısı Sadiq Hidayət hekayələrindən birində belə bir alimi təsvir edərək, onun dilindən yazırdı: "Siz elə bilirsiniz ki, "samovar" sözü rus sözüdür, ancaq mən tapmışam ki, bu ad üç sözün birləşməsindən yaranıb: "se" farsca üç, "ma" ərəbcə su, "var" isə türkcə var deməkdir. Deməli, "samovar" sözü "üç su var" mənasını verir". Bütün bunlara görə bizim tədqiqatçılar da axır ki, "samovar metodundan" əl çəkib, elmi prinsiplərə keçməlidirlər" - deyə, qeyd edib.