“Buradan mənə “obijat” edənlərə səslənirəm...”

Maraqlı

28.06.2020 - 22:33

Övladının psixologiyasını pozan valideyn məsuliyyətə cəlb olunmalıdır

 

Son günlər sosial şəbəkələrdə xoşagəlməz “trend” yaranıb. Belə ki, bəzi valideynlər, sanki bir-birinin bəhsinə, azyaşlı uşaqlarını xoşagəlməz videolarına alət edərək paylaşır, “like” yığmağa, reaksiya qazanmağa çalışırlar. Təbii ki, uşaqlardan belə bir üsul üçün istifadə etmək mənəvi cəhətdən doğru olmadığı qədər hüquqi baxımdan da doğru deyil.

 

Mövzu ilə bağlı araşdırma apararkən görüntülərdən ikisi diqqətimi daha çox çəkdi. Videonun birində 3-4 yaşlı uşaq anası tərəfindən ağladılır və psixoloji təzyiqə məruz qalır. Valideyn kinayəli gülüşlə övladına “sən ərə getməyəcəksən” deyir, uşaq isə ağlayaraq ərə getmək istədiyini deyir və video bu şəkildə davam edir. Heç bir bəşəri, taleyüklü mahiyyəti olmayan, əksinə, bir uşağın bəlkə də gələcək faciəsinin təməli olacaq addım atılır. Təbii ki, beyni ağ kağız kimi boş olan körpə söhbətin nədən getdiyini anlamır, sadəcə, valideynin ona qarşı pis bir iş gördüyünü hesab edir.

 

Lakin digər videoçarx daha acınacaqlıdır. Videodakı azyaşlı qız sözə “buradan hamıya aqromnu salamlar” deyə başlayır. Daha sonra davam edir: “Buradan mənə abijat eləyənlərə səslənirəm. Talpamı yığıb hamınızı nakazat edərəm”. Videonun sonunda isə uşağı çəkən xanım (çox güman anasıdır) fəxarət hissi ilə fəlakətə nöqtə qoyur: “Varabskoy xanım, AUE jizn varam”.

 

Uşaq hüquqlarının qorunması əhəmiyyət kəsb edən mövzudur. Bəs, bu cür yetişən nəsil cəmiyyətə nə töhfə verə bilər? Axı, dövlətin, millətin gələcəyini zamanla bu uşaqlar çiyinlərində daşımalıdır!

 

Azərbaycanda 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib. Bu qanun uşaqlar haqqında dövlət siyasəti, uşaq hüquqlarının müdafiəsi, onun mənafeyinin üstünlüyü, yaşamaq və inkişaf etmək hüququ, həyatın və sağlamlığın müdafiəsi, ad və vətəndaşlıq, tərbiyə almaq, azadlıq, zəruri maddi təminatı, vicdan, fikir və söz hüquqları, uşaqların əsas vəzifələrini müəyyən edən 16 maddədən ibarətdir. Belə olan halda, tərbiyədən məhrum qalan uşaqların hüququ pozulmurmu?

 

Digər tərəfdən, Milli Məclisin İnsan hüquqları komitəsinin keçənilki payız iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul edilmişdi. 5 fəsil, 19 maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan informasiya, həmçinin informasiya məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir. Layihədə deyilir ki, uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmini, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplərdir. Həmçinin, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması, uşaqların zərərli informasiyalardan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də bu prinsiplərə daxildir.

 

Bəli, informasiya texnologiyalarından istifadə edərək uşaqlara qarşı törədilən hüquqpozmalarının qarşısının alınması. Bəs, informasiya texnologiyalarından istifadə edərək övladının hüquqlarını pozan, onun psixologiyasını alt-üst edən valideynlər haqqında niyə tədbir görülmür?

 

Bundan əlavə, 1989-cu ilin 20 noyabrnda BMT-nin Baş Məclisinin 44-cü sessiyasında “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. Konvenisyanın insan hüquqlarının ümumi bəyannaməsində Birləşmiş Millətlər Təşkilatının uşaqların xüsusi qayğıya və köməyə hüququ olduğunu bəyan etdiyini xatırladaraq, cəmiyyətin əsas özəyi və ailənin bütün üzvlərinin, xüsusən uşaqların inkişafı və rifahı üçün əsas təbii mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələrini tam həcmdə öz üzərinə götürə bilməsi üçün onun müdafiə edilməsinin və dəstəklənməsinin zəruriliyinə əmin olaraq, uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, səadət, məhəbbət və anlaşma şəraitində böyüməsinin vacibliyini təsdiq edərək, uşağın cəmiyyətdə müstəqil həyata tam hazırlanmalı olduğunu bildirir. Yəni ki, uşağın ilk növbədə ailə daxilində hüquqları qorunmalı və layiqli vətəndaş kimi böyüməlidir. Təbii ki, psixoloji gərginliklə böyüyən uşaq layiqli vətəndaş yox, cinayətkar ola bilər.

 

O zaman övladının mənəvi və hüquqi ictimai sferalarını pozan valideyn, məsuliyyətə cəlb edilmədir ya yox? Bu cür zərərli psixologiya ilə böyüyən uşaq gələcəkdə özünə və cəmiyyətə zərər verdikdə müqəssir kim olacaq? Vaxtında tədbir görülməli deyilmi? Bununla bağlı qəbul edilən qanunlar icra olunmursa, bəs, nə işə yarayır?

Müəllif: Mərahim Nəsib