Bəzən qanun naminə qanunu pozmaq istəyirsən - Nə insandır, nə heyvan...

Cəmiyyət

01.11.2021 - 22:15

“Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq... Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar...”

(Qurani-Kərim, “Əraf” surəsi, 179-cu ayə)

Hətta heyvanlar üçün də tabu

Kənd yerlərində yaşayan və ya fauna nümayəndələrinin vərdişlərindən qismən xəbərdar olanlar çox yaxşı bilirlər: erkək heç vaxt müəyyən yaşa çatmamış, yetişməmiş dişi ilə cütləşməz! Bəli, heyvanların şüuru yoxdur. Ancaq onların sərt, vəhşi dünyasında belə, təbiət sərt məhdudiyyətlər, keçilə bilməyən qırmızı xətlər təyin etdi. Heyvanlar isə anlamadan, bu tabuların daha dərin mənalarına varmadan, sadəcə olaraq ilkin müəyyən edilmiş qaydalara əməl edirlər.

Amma heyvanlardan fərqli olaraq, düşünməyi və hərəkətlərinin nəticələrini qabaqcadan görməyi bacaran, “nəyin yaxşı, nəyin pis olduğu” sualında çoxdan müəyyənləşmiş cəmiyyətdə yaşayan insan bəzən özünü heyvandan qat-qat pis aparır.

İmişlidə şok

Bu günlərdə İmişlidən gələn şok xəbər camaatı təşvişə salıb: zorlanan 11 yaşlı qız uşaq dünyaya gətirib, qeysəriyyə əməliyyatı keçirib, reanimasiyaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. Əsas şübhəli uşağın ögey atasıdır.

Burada baş verənləri təsvir etmək üçün çoxlu hiperbolalar icad etməyə cəhd etmək mümkündür, ancaq baş verən hadisə o qədər vəhşi və dəhşətlidir ki, hər hansı bir hiperbola sadə bir faktın ifadəsi qarşısında solur. Və bu hadisə bir daha sübut edir ki, şəxsiyyət vəsiqəsi olan hər bioloji varlıq insan sayıla bilməz və belə varlıq canlıların iyerarxik zəncirində vəhşi heyvanlardan xeyli aşağıda dayanıb.

"Dərini atsan, daha geri geyinə bilməzsən"

Təəssüf ki, belə “insanlar” aramızda yaşayır. Və "rahat" fürsət yaranana qədər, uzun müddət özlərini gizlədə, əsl mahiyyətini, rəzil içlərini göstərməyə bilərlər. Potensial təcavüzkarların və pedofillərin belə cinayətlər törətməsinin, gənc həyatları məhv etməsinin qarşısını almaq üçün artıq özünü “yandıranları” ciddi şəkildə cəzalandırmaq lazımdır. Bəs belə məxluqlara Azərbaycan qanunvericiliyində hansı cəza nəzərdə tutulub?

Artıq qeyd olunan hadisə ilə bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı zorlama) və 150.3.3-cü (təqsirkarın 14 yaşına çatmadığını bildiyi şəxsə qarşı cinsi xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb. Birinci maddəyə görə, şübhəlini 10 ildən 15 ilədək, ikinci maddə üzrə isə 8 ildən 15 ilədək həbs cəzası gözləyir.

Məhkəmə cinayətlərin birləşməsinə görə ortaq hökm çıxarır. Cəzaların qismən və ya tam əlavə olunduğu halda yekun əlavə cəza Cinayət Məcəlləsinin ümumi hissəsində bu cəza növü üçün nəzərdə tutulmuş maksimum müddət və ya məbləğdən artıq ola bilməz. Yəni zorlayanı 8 ildən 15 ilə qədər həbs gözləyir. Maksimum 15 il. Daha az da verə bilərlər, buna məhkəmə qərar verəcək.

15 ildən sonra da bu məxluq  “zon”un qapısından çıxacaq və... Onu başqa uşağa növbəti təcavüzdən nə saxlayacaq? Bunun baş verməyəcəyinə kim zəmanət verəcək? Lap sonra yenə də daha bir 15 il həbs olunsun. Amma nə İmişlidən olan 11 yaşlı qız, nə də hər hansı digər hipotetik pedofil qurbanı normal həyata tam qayıda biləck. Bu, sadəcə mümkün deyil!

Bəli, dünyanın ən yaxşı psixoloqları və nevropatoloqları onunla işləyə bilər, ancaq uşağın ilkin olaraq onda olan uşaq qayğısızlığı bərpa oluna bilməz! Parçalanmış amforanı yapışdıra bilərsiniz, amma yenə də baş verənlərin izləri, yara izləri qalacaq. “Mauqli”dəki müdrik Kaanın dediyi kimi, "dərini atsan, yenidən geri geyinə bilməzsən".

Qanun “Əhdi-Ətiq” deyil

Biz nə təklif edirik? Aydındır ki, heç kimin ölkə qanunvericiliyində nəzərdə tutulmayan cəzanı tələb etmək hüququ yoxdur. Amma bu, bizim ölkənin, dövlətimizin, yəni bizim qanunvericiliyimizdir. Biz onu tərtib etdik, müəyyənləşdirdik, yazdıq. Deməli, istəsək, orada nəyisə dəyişə bilərik. Axı qanunlar “Quran” ayələri və ya “Əhdi-Ətiq”in mətni deyil. Və yəqin ki, onlara düzəliş edilməsinin vaxtı gəlib çatıb.

Pedofil və zorlayanlara ən ağır cəzalar verilməlidir. Ölkədə ölüm hökmü yoxdur, ona görə də ömürlük cəza versinlər! Çox qəddarıq? Elə deyil! Kim belə fikirləşirsə, qoy özünü bu yazıq qızın yerinə qoysun (burada “valideynlər” də yazmaq olardı, amma bunu  bilərəkdən etmədik və bir az sonra bu nüansa aydınlıq gətirəcəyik). Bu qızcığaz üçün həyat heç vaxt əvvəlki kimi olmayacaq və dünya heç vaxt çəhrayı olmayacaq...

Ümumi "korluq"

Bu cinayətin istintaqı yenicə başlayıb və yəqin ki, başa çatdıqdan sonra bütün suallara müvafiq cavablar veriləcək. Aydınlaşdırmaq istədiyim suallardan biri, hamiləliyin 31-ci həftədə dayandırılmasına baxmayaraq, uşağın anası və yaxın qohumlarının qızcığazın əsl vəziyyətindən necə xəbərdar olmamalarıdır. Bu, sadəcə ola bilməz, mümkün deyil! Bu, o deməkdir ki, burada bütöv bir qrup adamın cinayət əməli var.

Buraya həm uşağın oxuduğu məktəbi, həm də qonşularını əlavə edə bilərsiniz - onların susqunluğunun, korluğunun, biganəliyinin necə cinayət tərkibli hesab etməyi söyləmək çətin olsa da. Axı bütöv bir kəndi, bir məktəbin müəllim kollektivini, bütöv bir məhəllə sakinlərini dəmir barmaqlıqlar arxasına göndərmək olmaz. Lakin onların bu cinayətdə səssiz ortaqlığı şübhə doğurmur.

Ananın günahı isə ölçüyəgəlməzdir. Baxmayaraq ki, öz övladını belə əzaba məhkum edən qadına ana demək də çətindir. Uşaq dünyaya gətirən hər kəs avtomatik olaraq ana olmur. Bu müqəddəs adı qazanmaq lazımdır, amma təəssüf ki, 11 yaşlı bədbəxt qızcığazın bioloji anası bunu edə bilmədi. Əgər məhkəmənin qərarı ilə o, bu uşaqla bağlı hüquqlarından məhrum edilərsə, açığı, gözlənilməz heç nə baş verməyəcək.

Bəs quduz itlərlə necə davranırlar?

Və sonda yenə qanun və pedofilin mümkün cəzası haqqında. Təəssüf ki, qanunlar bu cür canlılara heyvan kimi baxmağa icazə vermir, baxmayaraq ki, artıq qeyd etdiyimiz kimi, belələri təkamül zəncirində onlardan çox aşağıdırlar. Qanunu bərpa etmək üçün qanunu pozmaq nonsens və daha bir cinayətdir. Amma oxucular və it həvəskarları bizi bağışlasınlar: əgər belə əclafları quduz itlər kimi güllələmək mümkün olsaydı, bu, yəqin ki, ədalətin təntənəsi olardı!

P.S. Yeri gəlmişkən, belə cəza Yəməndə təcavüzkarlara və pedofillərə şamil edilir. Onlar böyük izdihamla mərkəzi meydana çıxarılır və qəzəbli kütlənin alqışları altında güllələnirlər. İnsan olmayanların layiqli sonu. Təəssüf ki, yerli pedofilləri cəzaların icrası üçün Yəmənə göndərmək olmaz, çox heyif...

Müəllif: Vüsal Əliyev