Bezdik, yorulduq, tükəndik – Ay, BNA!

Cəmiyyət

01.06.2022 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Agentlik nə işə baxır, niyə yaradılıb, kimlərə və necə xidmət göstərməlidir?

Gecə 23:00-dan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində (NMM) Bakıətrafı qəsəbələrə hərəkət edən avtobusları tapmaq qəliz məsələdir. Bir çox hallarda NMM-də olan Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşlarının sözlərinə görə, axtardığımız marşrut xətti üzrə avtobus yoxdursa, ya xarab olub, ya da əvvəlcədən müəyyən olunmuş qrafikə görə “yenicə” gedib.

Əməkdaşlar hər dəfə bunu elə rahat formada deyirlər, sanki, beləsi çox təbii və normal haldır. Hələ, üstəlik sərnişinlərə məsləhət də verirlər: “Taksi ilə gedə bilərsiniz”. “Pulum yoxdur” sözünü isə yəqin ki, dilinə gətirən az adam olur, amma bunu bir-birinin etirazından cəsarətlənib ifadə edənlər də var.

Hələ bir neçə ay əvvəl – ötən ilin 30 noyabrında BNA əməkdaşlarının “204 nömrəli marşrut olmayacaq. Axırıncı avtobus bir neçə dəqiqə əvvəl çıxdı” cavabının qarşılığında xeyli adamın avtobus gözlədiyini və zəng edib avtobus göndərtməli olduqlarını bildirmiş, etinasız münasibətdən sonra naəlac qalıb, gecə 12-yə işləmiş qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevə zəng etmiş, problemi bildirmişdim. Yalnız bundan sonra avtobus göndərib, camaatı mənzilinə çatdırmışdılar.

Elə o zaman da ətrafımda, açıq şəkildə üstündə evə getmək üçün taksiyə verməyə kifayət qədər pul olmadığını deyən, mənzilinə çatıb avtobusdan düşəndə isə 30 qəpiyə görə ağızdolusu təşəkkür edən insanlar var idi. Mən onları çox yaxşı anlayır, duyurdum. Əks halda, minimum 2 manat lazımdır ki, taksi ilə harayasa qədər hərəkət edə bilsinlər. Bu isə gündəlik təxminən 10 manata işləyən insanlar üçün böyük məbləğdir.

Həmin gün Qaraheybət faciəsi baş vermişdi və ölkədə özüm də daxil olmaqla, hadisədən xəbərdar hər kəsin bu faciənin ağrısını yaşadığı gün idi. Belə bir hadisənin paralelində ictimai nəqliyyat probleminə dair yaşadığım hadisəni yazmaq, dilə gətirməyi doğru hesab etməmişdim. Həmçinin düşünürdüm ki, bu etirazdan sonra narazılıqları nəzərə alar və insanların mənzillərinə rahat şəkildə çatmalarını təmin edərlər, bu hal təkrarlanmaz.

Gəlin sizə təsəlli verim: darıxmayın, düzəlməyəcək

Lakin mayın 30-da yenə eyni halla qarşılaşdım. Mən dayanacağa çatanda avtobus yenicə tərpənmişdi və saat 11:10 idi. BNA əməkdaşı bildirdi ki, avtobus olmayacaq, sonuncu avtobus bir qədər əvvəl çıxıb. Bu dəfə də etiraz əlaməti olaraq məni və digər marşrut gözləyənləri yola salmalarını istədim. Ərazidə məndən başqa sərnişinlər də var idi və onlar da ayrı-ayrı marşrutları gözləyirdilər. Tələbim təkcə mənim yox, onların da mənzil başına çatmalarını təmin etmələri idi.

BNA əməkdaşından “Ya avtobus gələcək, ya da taksi ilə məni və buradakı insanları yola salacaqsınız. Bu insanlar günü 10 manata işləyən zəhmətkeş adamlardır və onların əlavə 2-3 manatı yoxdur ki, taksi çağırsınlar”, - deyə tələb etdim. Məni taksi ilə yola salmaq istəsələr də, ətrafdakı digər sərnişinləri müxtəlif bəhanələrlə, sözləri ilə incidərək uzaqlaşdırmağa çalışırdılar. Bundan sonra məcbur qalıb “Facebook” hesabımdan canlı yayım açdım və məsələni ictimailəşdirdim. BNA əməkdaşı isə bundan hirslənib kimlərəsə məruzə etdi ki, məni taksi ilə yola salmaq istəyiblər, amma mən razılşamamışam və avtobus gəlməsini istəmişəm və s.

Suallarıma məhəl qoymayan, qaçıb WC-də gizlənən BNA əməkdaşının və canlı yayımı söndürdükdən sonra ərazidəki mühafizə polislərinin kobudluqları göstərdi ki, əslində həmin vaxt ərazidə xidmət göstərənlər bizi – sərnişinləri başa düşmürlər, sadəcə hər kəsi bir yolla susdurmağa, səsini boğmağa və ərazidən uzaqlaşdırmağa çalışırlar.

Videomda da qeyd etdiyim kimi, BNA-nın yarıtmaz fəaliyyəti bizi təkcə yollarda bu cür çətinliklərlə qarşılaşmaq məcburiyyətində qoymur, eyni zamanda da etiraz səsini qaldıranları sürücülərin hədəfinə çevirir. Bunu isə şəxsi təcrübəmdə daha əvvəl yaşamışam. Marşrut xəttinin sahibi və sürücülər tərəfindən izlənmişəm. Məsələ polis müdaxiləsindən sonra öz həllini tapıb.

İctimai nəqliyyatdakı bu və digər problemlər, həlli yolları barədə digər həmkarlar kimi dəfələrlə mətbuatda, sosial media hesablarımda yazmağıma baxmayaraq, illərdir dəyişən, yaxşılığa doğru gedən nəsə yoxdur. BNA isə həmişə olduğu kimi şablon açıqlamalarla özlərinə qarşı qıcıq yaratmaqda, adlarının ancaq neqativ məsələlərdə hallanması ilə gündəmdə qalmaqda davam edir.

Adı mətbuatda, sosial mediada neqativ məqamlarla tez-tez hallanan bu Agentlik hansı işə baxır və ya baxmalıdır? Niyə yaradılıb? Kimlərə və necə xidmət göstərməlidir? Agentlik nə iş görür, xalqa necə xidmət göstərir?

Nizamnamə deyir ki...

BNA “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılıb. 2018-ci il 2 aprel tarixində Prezident tərəfindən imzalanmış fərmanla BNA-nın Nizamnaməsi təsdiq olunub. O Nizamnamə ki, bu gün Agentlik ona məhəl qoymur. Halbuki Nizamnaməni bir sərnişin olaraq oxuduqca əmin olursan ki, buradakı tələblər yerinə yetirilsəydi, görməzdən gəlinməsəydi, bu gün Bakı küçələri insanları səhər-axşam çərlətməz, özündən çıxartmazdı.

Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir (Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri – 2.1.). Amma biz nə təhlükəsiz, nə də rahat hərəkət edə bilirik. Avtobusa minəndə dinsiz də imana gəlir. Hansı formada işə qəbul olunduqları məlum olmayan sürücülərin sərnişinlərlə kobud rəftarı, yüksək sürət, avtobus salonuna dolmuş kəskin siqaret qoxusu, qırıq, toz içində oturacaqlar, yüksək səsdə oxudulan bayağı mahnılar və s.

Bu mənzərə gündəlik ictimai nəqliyyatdan istifadə edənlər üçün artıq adiləşib. Amma adiləşməməli idi və Agentlik də məhz bu cür neqativ hallar yaşanmasın deyə yaradılmışdı. Agentliyin yaradılmasından illər keçməsinə baxmayaraq, sözügedən qurum problemlər qarşısında acizlik nümayiş etdirir. İnsanların narazılığı o həddə çatıb ki, Qarabağ problemi Bakının ictimai nəqliyyat probleminin yanında yalan olub. Görünür, tapşırılmış işi icra etməkdə qəlizə düşmüş BNA qarşısına  qoyulmuş tələblərin icrasında tənbəllik edir və ya ümumiyyətlə, bu tələblərə ciddi yanaşmır.

Elə bu cür düşünənlər də haqlı olaraq hesab edirlər ki, Prezidentin fərman imzalaması kifayət etmir, konkret işlərin icrası üçün BNA-ya barmaq silkələnməlidir. Əks halda bu işdə hansısa irəliləyişin əldə olunacağı imkansız görünür. İctimai qınaq heç bir fayda vermir.

Agentliyin Nizamnaməsində qeyd edilir ki, qurum ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Lakin fəaliyyətlərinə baxdıqda məlum olur ki, bunu dərk etmirlər və ya etmək istəmirlər. Əks halda insanların ucalan səsinə bu qədər laqeyd yanaşmazdılar.

Agentlik müntəzəm sərnişindaşıma işini təşkil edir, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür (Agentliyin vəzifələri 3.1.1.). Reallıq isə belədir ki, sərnişinlərin marşrut xətləri ilə bağlı şikayətlərinə reaksiya verilmir. Verilmiş reaksiya da ən yaxşı halda mətbuat xidmətinin şablon cümlələri və baş vermiş hadisəyə görə təəssüf hissidir ki, bu təəssüf hissinin də səmimiliyinə inanmaq mümkün deyil. Agentliyin həll edə bilmədiyi problemlər kimi problemlərə reaksiyası da insanlar üçün adiləşib, boyatıyıb.

Eyni zamanda dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir (Agentliyin vəzifələri 3.1.2.). Əgər Agentlik nəzarət işini düzgün, insafla həyata keçirsə idi, sərnişinlərin səsini boğmağa çalışmazdı. “Şikayətiniz varsa, buyurun, əyləşin, yazın” deyərək, guya sərnişinlərə can yandıran BNA əslində sərnişinlərin səsinə qulaqlarını tutur. Bu, onların insanları “mədəni” formada əzmələrinin, haqlarını tapdamalarının bəzəkli cümləsidir. Eyni marşrut xəttindən dəfələrlə şikayət edilməsinə baxmayaraq, problem olduğu kimi qalmaqda davam edirsə, deməli, BNA insanları sadəcə yola verir.

Avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırır, təhlillər aparır və müvafiq təkliflər verir (Agentliyin vəzifələri 3.1.20.). Agentliyin bu bənd barədə başa düşdüyü isə hər gün pik saatlarda hansı yollarda tıxacların olması barədə mətbuata press-reliz yollamaqdır. Səbəb nədir, necə həll oluna bilər, hansı alternativlər var və sair - bu suallara isə indiyəcən bir dəfə cavab verdiklərini nə eşidən olub, nə duyan. Hər səhər işə, axşam evə tələsən, şəxsi maşınında və ya ictimai nəqliyyatda saatlarla tıxacda əziyyət çəkən insanlar elə durduqları yerdən “Bakının tıxacı nə zaman həll olunacaq?” sualı ətafında düşünür, baş sındırır. Yəqin “fağır” BNA gözünü elə problemi yaşayan camaata dikib. Bu suala xalqın cavab verəcəyini gözləyir.

Və sonda...

Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir (Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi 9.1.). Yazının məqsədi BNA-nın yarıtmaz fəaliyətindən əziyyət çəkən, yollarda yorğun düşən insanların səsi olmaq və bu səsi çıxışlarında hər zaman ictimai nəzarətin əhəmiyyətini vurğulayan Prezidentə çatdırmaqdır. Bəlkə də camaat haqlıdır – Prezident BNA-ya barmaq silkələməlidir!

Müəllif: Aləmdə Nəsib