Etirazçılar martın 15-də elan edilən böyük aksiyadan bir gün əvvəl şəhərdə toplaşıblar
Belqradın mərkəzində, ən pik nöqtəsində etirazçıların sayı təxminən 31 min nəfərə çatıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında qeyd olunub.
Bildirilib ki, etirazçılar martın 15-də elan edilən böyük aksiyadan bir gün əvvəl şəhərdə toplaşıblar.
DİN-dən verilən məlumata görə, ictimai asayişi pozan iki nəfər saxlanılıb.
Qeyd edək ki, 2024-cü il noyabrın 1-də 15 nəfərin ölümü ilə nəticələnən dəmir yolu vağzalının tavanının uçmasından sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb.
Bundan əvvəl Serbiya hökumətinin Baş nazirinin müavini Aleksandr Vulin ölkədə müxalifət tərəfdarlarının etirazlarının sosial mənşəyə malik olmadığını bəyan edib. O hesab edir ki, Qərbin dövlətlə Rusiya arasında toqquşmaya səbəb olmaq üçün ölkədə hökuməti dəyişmək məqsədi ilə real rəngli inqilab cəhdi baş verir.