“Biz narahat bir səhər keçiririk, düşmənin fəaliyyəti Krasnoyaruzsk vilayətinin sərhədindədir”
Rusiyanın Belqorod vilayətinin qərbindəki Krasnoyaruzski rayonunda sakinlərin təxliyəsi elan edilib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov avqustun 12-də “Telegram” kanalında məlumat yayıb.
Region Rusiyanın Kursk vilayəti ilə Ukraynanın Sumı vilayəti arasında yerləşir.
“Biz narahat bir səhər keçiririk. Düşmənin fəaliyyəti Krasnoyaruzsk vilayətinin sərhədindədir. Biz Krasnoyaruzski rayonunda yaşayan insanları daha təhlükəsiz yerlərə köçürməyə başlayırıq”, - Qladkov əlavə edib.
Qubernatorun sözlərinə görə, evakuasiya üçün nəqliyyat artıq göndərilib: "Əminəm ki, hər şey nizamlı şəkildə baş verəcək".
Bundan əvvəl qubernator yazmışdı ki, Krasnoyaruzski rayonunun Vyazovoe kəndi iki dəfə minaatan hücumuna məruz qalıb, elektrik xətti zədələnib, elektrik enerjisi ehtiyat xətlər vasitəsilə verilib.
Bu arada Rusiya Müdafiə Nazirliyinə yaxın “Rybar” “Telegram” kanalı Ukrayna birləşmələrinin Krasnoyaruzski rayonunda Kolotilovka keçid məntəqəsi yaxınlığında hücuma keçdiyini və Belqorodun şimaldan kəsilməsinə çalışıldığını bildirib.
Kanalın məlumatına görə, "düşmən kiçik hücum qruplarında irəliləməyə cəhd edərkən" bir neçə ağır texnikadan istifadə edərək atəş karuseli qurdu. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası işləyir.