Hakimiyyət bunu hərbi əməliyyatlar səbəbindən təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə izah edib
Avqustun 14-dən Rusiyanın Belqorod vilayətində regional fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yerli hakimiyyət bunu hərbi əməliyyatlar səbəbindən təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə izah edib.
AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.
“Telegram”da videomüraciətində Qladkov qeyd edib ki, regionda vəziyyət “çox mürəkkəb və gərgin” olaraq qalır.
Qubernator vurğulayıb ki, bölgə Ukrayna Silahlı Qüvvələri tərəfindən hər gün atəşə tutulur, nəticədə evlər dağılıb, dinc sakinlər yaralanıb və həlak olub.
Qladkov həmçinin bildirib ki, fövqəladə vəziyyət əhalinin daha da müdafiəsi və zərər çəkənlərə əlavə dəstək tədbirlərinin göstərilməsi məqsədilə tətbiq edilib.
Bundan əlavə, Qladkov federal səviyyədə fövqəladə vəziyyət elan etmək tələbi ilə hökumət komissiyasına müraciət etməyi planlaşdırır.