Bəlkə, bir az yumşalaq?...

Cəmiyyət

02.03.2022 - 11:34

Karantin qaydaları vətəndaşı da, iqtisadiyyatı da kifayət qədər yorub

 “Omicron” ştammının yayılmasından sonra bir sıra dünya ölkələri karantin qaydalarına yenidən baxır. Bəzi ölkələrdə COVID-19 pasportu ilə bağlı tətbiq edilən məhdudiyyətlərin bir qismi aradan qaldırılır. Həmçinin qapalı məkanlarda toplaşan insanların sayı ilə bağlı məhdudiyyətlər yenidən nəzərdən keçirilir.

Ölkəmizdə isə 3 doza peyvənd qəbul etməklə COVID-19 pasportu ilə bağlı məhdudiyyətlər, eləcə də qapalı məkanlarda toplaşanların, masa arxasında əyləşənlərin sayı ilə bağlı tətbiq edilən qaydalar hələ də qüvvədədir. Karantin qayadaları tələblərinə əməl etməyənlər arasında mütəmadi olaraq cərimələnənlər də var.

Hazırkı məhdudiyyətlər iqtisadiyyatımıza necə təsir edir? Məhdudiyyətlərin davam etməsi fonunda bizi qarşıda iqtisadi çətinliklər gözləyirmi? AYNA bu suallardan yola çıxaraq mütəxəssislərlə həmsöhbət olub.

İqtisadçı ekspert Eyyub Kərimlinin fikrincə, hazırda davam edən qapanmalar iqtisadi inkişafın sürətini aşağı salır və aktivliyə çox mənfi təsir göstərir: “Sərt karantin qaydalarının davam etdirilməsi biznes subyektlərinə psixoloji, iqtisadi və inzibati təzyiqi artırır. Belə ki, sahibkarlıq subyektləri daim inzibati orqanların yoxlamalarına məruz qalır. Digər tərəfdən isə böyük cərimə məbləğləri sahibkarların fəaliyyətini iflic edir və əngəllər yaradır - əsasən də xidmət, turizm və nəqliyyat sahələrinə”.

“Məsələn, toylar, yaslar və digər irimiqyaslı tədbirlərin keçirilməsinə qoyulan qadağa bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətini iflic hala salmağından əlavə, yoxlamalar da əlavə təzyiqlər yaradır ki, bu da sahibkarların onsuz da ağır vəziyyətlərini biraz da ağırlaşdırır”, - deyə həmsöhbətimiz bildirib.

Kərimli karantin qaydalarını pozmuş subyektlərə tətbiq edilən cərimələrin yazılmasındakı problemə də toxunub: “Karantin qaydalarının pozulmasına görə cərimələri bir yox, bir neçə orqan yaza bilir və bu da öz növbəsində sui-istifadə hallarına yol açır. Qapanmaların davam etməsi iqtisadiyyatın bir neçə sahəsinə əhəmiyyətli ziyan vurur. 2020 və 2021-ci illərdə karantin qaydalarını pozduqlarına görə sahibkarlara çox böyük məbləğdə cərimələr yazılıb. Nəzərə alaq ki, həmin cərimələr, əsasən kiçik və orta sahibkarlıq subyektlərinə yazılıb. Hesab edirəm, hazırkı durumda o cərimələrin silinməsi sahibkarların fəaliyyətinə stimulverici bir təkan olar”.

Daha bir iqtisadçı Elnur Quliyev isə iqtisadiyyatın deyil, sağlamlığın prioritet olduğu qənaətindədir: “İndiki vəziyyətdə dövlətin əsas vəzifəsi iqtisadi faktorlardan daha çox, vətəndaş sağlamlığının təminatına yönəlib. Öncə qeyd etmək istəyirəm ki, məhdudiyyətlərin aradan qaldırıması prosesi ölkəmizdəki sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. İndiki vəziyyətdə dövlətin əsas vəzifəsi iqtisadi faktordan daha çox, hər bir vətəndaşın sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün lazım olan tədbirləri görməkdir”.

“Bu baxımdan hesab edirəm ki, karantin qaydalarına uyğun olaraq məhdudiyyətlərdən tam imtina etmək hələ tezdir. Son zamanlar yoluxma sayında müşahidə etdiyimiz artım tendensiyası da bunu deməyə əsas verir”, - deyə ekspert söyləyib.

O, hazırda tətbiq edilən məhdudiyyətlərin istehsal və xidmət sektorları üçün ciddi problemlər yaratdığını da etiraf edib: “Bəzi sektorlar istisna olmaqla, ümumilkdə sahibkarlıq fəaliyyəti üzrə ticarət dövriyyəsi hiss olunacaq dərəcədə aşağı düşüb. Sahibkarlar bank kreditləri və digər kreditor öhdəlikləri üzrə ödənişləri yerinə yetirməkdə çətinlik çəkir”.

Cərimələrlə bağlı məqama qaldıqda, Quliyevin mövqeyi belədir: “Karantin qaydalarına riayət olunmaması üzrə tətbiq edilən cərimələr sahibkarlar və sıravi vətəndaşların iqtisadi vəziyyətinə daha ciddi təsir edir. Dövlətin pandemiya ilə bağlı maliyyə dəstəyi mexanizmləri olsa da, bu, bir limitli yardımı nəzərdə tutur və çox təəssüf ki, bütün cəmiyyətimizi əhatə edə bilmir”.

İqtisadçı ekspert Rəşad Həsənov da karantin qaydalarının yumşaldılması məsələsinə ehtiyyatla yanaşır: “Hazırkı qaydaların iqtisadiyyata mənfi təsirləri danılmaz olsa da, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı təcrübələrin effektliyini gözləmək daha doğru olar. Karantinin iqtisadi və sosial effektləri iki ildir, müşahidə olunur. İqtisadiyyat 2020-ci ildə 4.4 faiz kiçildi, bu, 2021-ci ildə tam bərpa oluna bilmədi”.

“Nəzərə almaq lazımdır ki, məhdudiyyətlərin aradan qaldırılması təcrübəsi yeni-yeni başlayıb. Təxminən bir aydır, müxtəlif ölkələrdə bənzər təcrübə tətbiq edilir. Düşünürəm ki, bunun müəyyən qədər effektlərini gözləmək lazımdır. Birmənalı şəkildə sadəcə sosial-iqtisadi təsirlərini nəzərə alaraq, insan həyatına təhülkə yarada biləcək məqamlara göz yummaq olmaz. Gözləmə mövqeyində olmaq daha yaxşıdır”, - deyə müsahibiz qeyd edib.

İqtisadçının fikrincə, bu istiqamətdə addımlar atılacaqsa, onlar ciddi dəyərləndirmədən sonra olmalıdır: “Düzdür, Azərbaycanda iqtisadiyyata məhdudiyyətlərin mənfi təsirləri var, amma onu da nəzərə almaq laızmdır ki, bir çox ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı çox bəsit iqtisadiyyatdır. Yəni əsas gəlir neft sektorunun üzərinə düşür və büdcə gəlirlərinin bu istiqamətdə formalaşadırılma imkanı çoxdur. İndiki şərtlər daxilində hər bir ölkə kimi Azərbaycan da müəyyən bir qiymətləndirmə aparmalıdır. Məhdudiyyətlər aradan qalxdıqdan sonra nə qədər əlavə dəyər yaratma imkanının olması, insan həyatı üçün nə dərəcədə təhlükə yarada bilər və s. nəzərə alınmalı, ölçülüb-biçilərək qərar verilməlidir. Birmənalı şəkildə, “başqa ölkələr edir” deyə etmək çətin məsələdir. Eyni zamanda səhiyyə sisteminin gücünün özü də nəzərə alınmalıdır. Bizim səhiyyə sistemi inkişaf etmiş sistem deyil”.

Həsənov cərimələrin aradan qaldırılmasının hər zaman müsbət effekt vermədiyini bildirib: “Qayda qaydadır. Vətəndaş mümkün qədər çalışmalıdır ki, qaydalara əməl etsin. Təbii ki, burada cərimənin məbləği müzakirə oluna bilər. Amma nəzərə almaq lazımdır ki, bu gün hansısa formada insan hərəkətini məhdudlaşdıran məsələlər gündəmdə deyil. İndiki şərtlər daxilində cərimələr fərqli kontekstdən tətbiq olunur. Cərimələrin birmənalı şəkildə aradan qaldırılması heç də hər zaman müsbət effekt vermir. İnsanlar çalışmalıdırlar ki, mümkün qədər qaydalara əməl etsinlər. Bu halda başqalarını və özlərini qorumuş olurlar. Eyni zamanda xəstəliyin yayılma miqyası kiçilmiş olur və kiçildikcə də hökumət yumşalmalara gedir”.

İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə isə pandemiyanın qonşu ölkələrlə gediş-gəliş prosesində yaratdığı çətinliyin aradan qaldırılmasının daha önəmli olduğunu düşünür: “Mümkün ölçüdə pandemiyanın yaratdığı gediş-gəliş prosesini, qonşu ölkələrlə sərhəd ticarəti məsələlərinin öz həllini tapmasına çalışmaq lazımdır. Bildiyiniz kimi, əhalimizin önəmli hissəsi İran,Türkiyə və Gürcüstanla sərhədyanı ticarətlə məşğul idi. Bu, məhdudlaşma sərhəd bölgəsində yaşayan əhalinin rifahına təsir göstərir. Düşünürəm ki, tez bir zamanda bu məhdudlaşmalar aradan qalxmalı, bu istiqamətdə müəyyən nailiyyətlər əldə edilməlidir”.

“Təbii ki, qonşu ölkələrin də bu məsələdə mövqeyi önəmlidir. Qarşıdan Novruz bayramı gəlir. Azərbaycanın əsas turist gəlirləri bu aylarda formalaşır. Bunun üçün də İranla turist gediş-gəlişi məsələlərini asanlaşdırmaq lazımdır. Çünki əsas İrandan turist gəlir. Bu asanlaşma Azərbaycan sahibkarlarının müəyyən qədər gəlir əldə etməsinə şərait yaradacaq. Kiçik və orta sahibkarlıq bu pandemiyada önəmli ölçüdə əziyyət çəkən təbəqələrdən biridir. Bu istiqamətdə müəyyən addımların sürətləndirilməsinin tərəfdarıyam. Zaman-zaman digər məsələlər də həllini tapacaq. Yay aylarına doğru pandemiya problemindən yaxa qurtaracağımıza ümid edirəm”, - deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, hazırda iqtisadi baxımdan əsas narahatedici məqamlardan biri də Ukrayna ilə Rusiya arasındakı böhranın təsirləri ilə bağlıdır: “Rusiyaya tətbiq olunan sanksiyalar və onların yaradacağı təsirləri nəzərə almaq lazımdır. Bu il ərzində iqtisadi mənzərə bölgəmizdə o qədər də ürəkaçan görünmür. Buna baxmayaraq, Azərbaycanın valyuta gəlirləri artır. Düşünürəm ki, hökumət yaranan riskləri mümkün ölçüdə minimallaşdıra biləcək və ya mövcud imkanlardan daha səmərəli istifadə etməyə çalışacaq”.

“Ümumilikdə karantin qaydalarına yanaşmam belədir ki, hazırda ölkədə peyvəndləmə prosesini tamamlamaq lazımdır və bu məsələdə güzəştə getmək olmaz. Çünki problem tam şəkildə aradan qalxmayıb. Ola bilsin, may ayına doğru bu barədə danışa bildik. Hazırda mən də Azərbaycan hökumətinin yaxın zamanlarda karantin qaydaları ilə bağlı yumşalmalara gedəcəyini düşünürəm. Hazırkı qaydaların isə iqtisadiyyatımıza ciddi problemlər yaratdığını da düşünmürəm”,- deyə Bağırzadə fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib