Bayram günlərində avtobuslarla daşınan sərnişinlərin sayı açıqlanıb

Xəbərlər

15.04.2024 - 16:51

43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində (10-14 aprel) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) xətlərə əlavə 66 avtobus buraxılıb, 137 əlavə reys təşkil olunub.

AYNA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə bayram günlərində BBAK-dan 1 599 reys həyata keçirilib, 43 min 525 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

8 745 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Müəllif: Ayna.az