Amerika liderinin Kiyevdən verdiyi mesajların bir neçə vektoru var: “Son” Ukraynanın qələbəsidir
Baydenin Kiyevə səfəri bu fikir ayrılığının sonunun simvoludur. Nəhayət, Putinlə atəşkəsin bağlana bilməyəcəyini anlayanlar qalib gəldi
ABŞ Prezidenti Co Bayden Polşa Prezidenti Andjey Duda ilə görüşdü və danışıqlardan sonra bəyanatlarla çıxış etdilər. ABŞ Prezidenti Polşadan bir gün əvvəl gözlənilmədən Kiyevə səfər edərkən bütün dünyaya mühüm mesaj verdi: “Kremlin qələbəsi” heç yerdə olmayacaq - nə reallıqda, nə də informasiya məkanında. Və bu mesajların bir neçə vektoru var.
Birincisi, uzunmüddətli dəstək haqqında davamlı suallara cavab verildi. Açığını deyim ki, ABŞ nümayəndələrinin “sona qədər Ukraynanın yanında olacağıq” ifadələri məni həmişə qıcıqlandırırdı. Nə demək istədiklərini heç vaxt açıqlamırdılar. Və indi mövqe aydındır. “Son” Ukraynanın qələbəsidir, o cümlədən, Krımın və Sevastopolun, ölkənin şərqi və cənubunun azad edilməsidir. Yəni 1991-ci il sərhədlərinə qayıdışdır. Üstəlik, müharibədən sonrakı dəstək vəd edilir. Amerikada müzakirələr dayandırılıb. Səfər ABŞ Prezidentinin mövqeyinin gücləndiyini göstərdi.
İkincisi, Ukraynaya gəliş Baydenin özünün psixologiyasına ciddi təsir edəcək. O, Mixaylovski katedralını tərk edərkən hava hücumu siqnalı səsləndi. Və o, siren səslərini eşitməklə, Ukraynanın keçən il yaşadığı atmosferi hiss etmiş oldu. Ukraynalılar hər gün bu səsi eşidirlər - Bayden anladı.
Ağ Evin Kiyevə belə bir səfərin çox təhlükəli olduğunu deməsi əbəs yerə deyildi. Amma buna baxmayaraq, ABŞ Prezidenti Kiyevə müharibə şəraitində olan ölkənin Prezidenti ilə çiyin-çiyinə dayandığını göstərməyə gəldi. Bayden bütün dünyaya və özünə güclü və hətta hərbi lider olduğunu sübut etdi.
Sonra mesajlarda nə var? Biz bir kompüter oyununda deyilik ki, orada tank alıb dərhal rəqibi vura bilək. Logistikanı maksimum sürətləndirsək belə, Ukraynaya yardımın təyinat yerinə çatması üçün vaxt lazımdır. Sonra - hərbi kadrların hazırlanması mərhələsi var. Ona görə də xarici silahların Ukrayna ordusuna inteqrasiyası bir gündə mümkün deyil.
Qarşıda çətin dövr olacaq. Ola bilsin ki, xəbərlərdə hətta bir neçə kiçik yaşayış məntəqəsini zəbt edəcək Rusiyanın “uğurları” haqqında da eşidəcəyik. Amma mən əminəm ki, 2-3 aydan sonra biz Ukrayna ordusunun böyük əks-hücumunu gözləməliyik.
İndi dondurulmuş münaqişədən qorxmalıyıq. Bu ssenari Qərbin əhval-ruhiyyəsinə mənfi təsir göstərəcək. Qərbin yardımı Ukrayna Silahlı Qüvvələrinə inteqrasiya olunarkən tərəfdaşların Ukraynanın strateji qələbəsinə şübhə etməsi mümkün deyil. Paradoks ondan ibarətdir ki, əks-hücumdan əvvəlki dövrdə sağ qalmaq ukraynalılar üçün deyil, Qərb üçün psixoloji cəhətdən daha çətin olacaq. Ukrayna üçün ciddi qələbələr, köhnəlmiş rus tanklarını cəhənnəmə necə göndərildiyi barədə xəbərlər gözləmək çətindir.
Amerika quruluşu heterogendir. Nazirlər var və bunlar deyək ki, Ukraynadakı vəziyyətlə bağlı profilli şəxslərdir, onlar həmişə nə baş verdiyini aydın başa düşürlər və Rusiya ilə danışıqlara dair istənilən təklifə çox aqressiv reaksiya verirlər. Daha yumşaq, daha ehtiyatlı olanlar var ki, Ukraynanın qələbəsi olmadan sülhün əldə oluna biləcəyini düşünürlər. Lakin Baydenin Kiyevə səfəri bu fikir ayrılığının sonunun simvoludur. Nəhayət, Putinlə atəşkəsin bağlana bilməyəcəyini anlayanlar qalib gəldi.
Bununla belə, ABŞ-da seçkilər başlamazdan əvvəl Ukraynanın qalib gəlməsi və ya ən sərfəli mövqedə olması kritik əhəmiyyət kəsb edir. Təbii ki, Amerikada həmişə siyasi qüvvələr balansı var. Hakimiyyətə kim gəlir-gəlsin, Qərb ukraynalıları dəstəkləməyə davam edəcək. Amma məsələn, Trampın qələbəsi mütləq həm Ukrayna, həm də ümumilikdə demokratiya üçün problemə çevriləcək.
Müəllif: Uriel Epşteyn - Ukrayna “Demokratiyanın Yenilənməsi Təşəbbüsü” təşkilatının icraçı direktoru
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur