Baş prokuror: “AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı istintaq davam edir”

Aktual

01.10.2025 - 13:42

Kamran Əliyev: “Ümid edirik ki, bu araşdırma öz məntiqi nəticəsinə çatdırılacaq”

 “Hazırda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir”. AYNA.AZ-ın məlumatına görə, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan, Rusiya və Qazaxıstan istintaqda iştirak edir: “Ümid edirik ki, bu araşdırma öz məntiqi nəticəsinə çatdırılacaq”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də dövlət reyestrində 4K-AZ65 nömrəli qeydiyyatdan keçmiş və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus, J2-8243 müntəzəm reyslə Azərbaycanın Bakı-Rusiya Federasiyasının Qroznı reysini yerinə yetirən “Embraer 190-100 IGW” sərnişin təyyarəsi Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki ekipaj üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olub.

Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi ilkin hesabat aşağıdakı faktları təsdiqləyir:

  1. 4K-AZ65 dövlət qeydiyyatına alınmış və “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus, Azərbaycanın Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 müntəzəm reysini yerinə yetirən “Embraer 190-100 IGW” sərnişin təyyarəsi Qroznı marşrutu üzrə uçuşun başlandığı andan uçuşa tam yararlı olub. Bu uçuşa yararlılıq məlumatları, o cümlədən onun uçuşa nəzarət sistemlərinin işi, uçuş registratorundan (FDR) uçuş məlumatlarından istifadə etməklə təsdiq edilmişdir.
  2. Təyyarənin hər iki mühərriki qəzadan əvvəl texniki problem olmadan işləyib. Bu məlumatı uçuş registratoru (FDR) də təsdiqləyir.
  3. Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçarkən, təyyarə GPS siqnallarını itirib.
  4. Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə ikinci eniş edə bilməyib, bundan sonra kapitan Bakıya qayıtmaq qərarına gəlib. Qroznı üzərində bu qərarı verdikdən sonra CVR 24 saniyə ara ilə iki xarici səsi qeyd edib.
  5. CVR və FDR məlumatlarının müqayisəsi nəticəsində məlum olub ki, birinci xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem sıradan çıxıb, 1-ci hidravlik sistemdən 6 saniyə sonra və 2-ci hidravlik sistemdən 21 saniyə sonra sıradan çıxıb.
  6. Gövdədə çoxsaylı kor və çuxurlu zədələr aşkar edilib, fotoşəkillər və video ilə sənədləşdirilib. Bu zədə arxa gövdədə aşkar edilib, onların böyük əksəriyyəti şaquli və üfüqi stabilizatorlarda, həmçinin sol qanadda və sol mühərrikdəm olub.
  7. Təyyarənin gövdəsində aşkar edilmiş zərərin xarici obyektlərin təsirindən törədildiyini göstərən məlumat verilib. İlkin hesabatda quşlarla toqquşmanı göstərən heç bir məlumat yoxdur.
  8. Gövdənin zədələnmiş yerlərində aşkar edilmiş, hava gəmisinə aid olmayan yad cisimlər çıxarılıb. Bu obyektlərin fotoşəkilləri ilkin hesabatda ictimaiyyətə təqdim olunub. Aşkar edilmiş yad cisimlərin dəqiq müəyyən edilməsi üçün növbəti müayinələrin keçirilməsi planlaşdırılır.
  9. Saat 05:13:32-də təyyarənin ilkin idarəetmə sistemləri sıradan çıxıb. 05:21:42-də dispetçer Qroznıya “Xalça” əməliyyatı barədə məlumat verib.
  10. Oksigen balonunun partlamasını göstərən heç bir məlumat verilməyib.

İCAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkin hesabatdan sonra qəzanın baş verdiyi tarixdən bir il ərzində qəzanın səbəbləri haqqında yekun hesabat hazırlanmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş