Bardağı daşıran son damla və ya terrora antiterrorla cavab: düşmən başqa yol qoymadı

Aktual

19.09.2023 - 19:30

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Qarabağdakı qanunsuz erməni silahlıları çıxarılmasa, zərərsizləşdirilməsə, mina terroru da, təxribat da davam edəcək”

Hərbi ekspert: “Terror, təxribat cavabsız qalmır və Azərbaycan qanunsuz silahlıların məhv edilməsi üçün antiterror əməliyyatları keçirir”

Ermənistanın və Qarabağdakı xunta rejiminin azərbaycanlılara qarşı mina terroru davam edir. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda - Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki azərbaycanlı həlak olub. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə mina partlayıb. Törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər - 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu və 21.11.1970-ci təvəllüdlü Sadıxov Samir Sabiroviçin ölməsi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, eyni gündə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mina terrorunu pisləyib. XİN-in məlumatında qeyd edilib ki, bu hadisələrlə birlikdə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub: “Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli Birgə Bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır”.

“Bununla yanaşı, bu təxribatların məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır. Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır", - deyə XİN-in açıqlamasında vurğulanıb.

Baş verən terror aktları Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olmaqla yanaşı, suallar da yaradır. Sual olunur ki, azad ərazilərə Azərbaycan nəzarət etdiyi halda ermənilər minaları necə yerləşdirirlər. Ekspertlər hesab edirlər ki, yeni salınmış yola erməni separatçılarının mina yerləşdirə bilməsində Rusiya sülhməramlılarının səhlənkarlığı, yaxud bilərəkdən prosesə göz yumması dayanır.

Milli Məclisin depuı Aqil Abbas AYNA-ya açıqlamasında deyib ki, İkinci Qarabağ müharibəsindən sonra mina terroru məsələsi aktuallığını saxlamaqdadır: “Müharibədən keçən dövr ərzində nə qədər günahsız insanımız mina qurbanı olub. Ermənistan mina xəritələrini Azərbaycana vermədi, verdiyi xəritələr də düzgün xəritələr olmadı. Beynəlxalq aləmdən də Ermənistanın mina terroruna reaksiya yoxdur. Onsuz da mən xaricilərdən Ermənistana hansısa təzyiq, təsir göstəriləcəyinə inanmıram. Onların mövqeyi bəllidir. Ona görə də hesab edirəm ki, məsələni özümüz həll etməliyik, necə ki, həll etməyə başlamışıq”.

“Son mina terroru Azərbaycanın yeni çəkdiyi yolda baş verib. Deməli, erməni terrorçuları bu minaları yeni, yol çəkiləndən sonra yerləşdiriblər. Maraqlıdır, sərhəddən keçid Azərbaycanın nəzarətindədir. O zaman minalar Azərbaycan ərazisinə necə keçirilib. Məncə, bunu Qarabağdakı Rusiyanın sülhməramlı adlandırılan kontingentinin komandanlığından soruşmaq lazımdır. İnanmıram ki, sülhməramlı deyilən hərbçiləri bu minaların daşınmasından, yerləşdirilməsindən xəbərsiz olsunlar. Ya ümumiyyətlə, onlar orada normal xidmət aparmırlar, ya da ki, özləri ermənilərin mina daşımasına, azərbaycanlıları öldürməsinə göz yumurlar. Düşünürəm ki, ikinci variant daha ağlabatandır”, - deyə deputat vurğulayıb.

Millət vəkili əlavə edib ki, Qarabağdakı qanunsuz erməni silahlıları çıxarılmasa, zərərsizləşdirilməsə, mina terroru da, təxribat da davam edəcək: “Necə ki, Azərbaycaniterror əməliyyatlarına indi başladı. Hesab edirəm ki, bu iş sona çatdırılmalı, Azərbaycan Ordusu ərazisindəki separatçı quldurları zərərsizləşdirməlidir”.

Hərbi ekspert Ədalət Verdiyev isə AYNA-ya bildirib ki, müharibə başa çatdıqdan və Üçtərəfli Birgə Bəyanat imzalandıqdan sonra da Ermənistan ərazilərimizə öz istehsalı olan minaları basdırmaqda davam edib və bu proseslər Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözü önündə baş verib: “Yollar erməni silahlılarının nəzarətində olarkən Qarabağda mövcud olan qanunsuz erməni silahlıları tərəfindən minalar ərazimizə daşındı. İndi də həmin minalardan istifadə edərək terror törədirlər”.

“Həmin ərazilərin ordumuz ora yerləşdikdən sonra Ermənistan kəşfiyyat-diversiya qrupları tərəfindən minalanması ehtimalını nəzərdən qaçırmamalıyıq. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin erməni təxribatlarına səssiz qalması və bu proseslərin qarşısının alınması üçün tədbirlər görmək əvəzinə erməni silahlılarına kuryerlik etməsi faktları var. Ərazilərin Azərbaycanın nəzarətinə keçdikdən sonra minaların azərbaycanlıların istifadə etdiyi yerlərə basdırılması faktı ilə biz ilk dəfə deyil rastlaşırıq. Xatırlayırsınızsa, daha əvvəl də xidməti vəzifələrin icrası ilə əlaqədar Kəlbəcər rayonunda jurnalistlərimiz, icra nümayəndəsi terror zamanı həlak olddular. O hadisələrdən iki il yarımdan çox vaxt ötür, amma Ermənistan yenə də özünə xas olan mina və terror təxribatlarını davam etdirir”.

Verdiyev vurğulayıb ki, hərbi təyinatlı yüklərin, o cümlədən canlı qüvvə, silah-sursat, minaların Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib: “Biz indi sərhədə nəzarət edirik, post qurulub. Amma bu silah-sursat Laçın keçid məntəqəsi qurulmamışdan əvvəl separatçı ünsürlərə verilib. Həm Rusiya hərbi kontingenti, həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı qondarma rejim nəzərə almalıdır ki, Azərbaycan vətəndaşlarına qarşı törədilən bu qanlı mina terror hadisələri cavabsız qalmayacaq. Necə ki, cavabsız qalmır və Azərbaycan qanunsuz silahlıların məhv edilməsi üçün antiterror əməliyyatları keçirir. Bu terror bardağı daşıan son damla oldu”.

“Daha bir məqam isə beynəlxalq aləmin reaksiyasıdır. Ərazilərimizdə saysız-hesabsız miqdarda mina yerləşdirən Ermənistana qarşı bir beynəlxalq təşkilat hələ ki, tutarlı bəyanat səsləndirməyib. Davamlı olaraq törətdikləri terror aktlarını, vəhşilikləri görməzdən gələn dünya ictimaiyyəti bir-iki sətirlik də olsa, bir bəyanat səsləndirməlidir. Minaları istehsal edən, onu qanunsuz olaraq ərazilərimizə yerləşdirən Ermənistan qınanmalıdır. Lakin əfsuslar olsun ki, indiyə qədər biz bunu müşahidə etməmişik. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, bu cinayətlərin qarşısı qısa zamanda alınmalıdır”, - hərbi ekspert fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş