Səhər saatlarında Mərkəzi Bankın binası yaxınlığında çoxlu etirazçılar toplaşıb
Banqladeş Bankının (mərkəzi bank) dörd müdir müavini istefa verib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə “Daily Observer” qəzeti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında Mərkəzi Bankın binası yaxınlığında çoxlu etirazçılar toplaşıb. Maliyyə qurumunun 400-ə yaxın əməkdaşı onları korrupsiyada ittiham etdikdən sonra dörd bank müdir müavini vəzifələrindən istefa verməyə məcbur olub.
Qeyd olunur ki, həmin vaxt Mərkəzi Bankın sədri Abdur Ruf Talukder və onun iki müavini işdə olmayıb.
Avqustun 5-də hökumət əleyhinə kütləvi etirazlar fonunda Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul edilib. Avqustun 6-da Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus onun rəhbəri təyin edilib.
Ölkənin bir sıra şəhərlərində etirazlar keçirilir. Etirazçılar keçmiş hakim Avami Liqası Partiyasının tərəfdarlarının evlərini dağıdıb yandırırlar.