Bakıdan dünyaya mesaj: ya reallıqla barışacaqlar, ya da...

Siyasət

28.09.2021 - 15:28

Asim Mollazadə: “Erməni lobbisi dünya boyunca Azərbaycan və Türkiyənin əleyhinə fəal iş aparır”

Novella Cəfəroğlu: “Qatar artıq gedib, Ermənistan qatarın arxasınca baxmaqdansa, gələcəyə baxsın”

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı deyib ki, Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatıb, azərbaycanlılara qarşı olan nifrət orada rəsmi ideologiyaya çevrilib. 

İlham Əliyev ermənilərə və arxasında dayanan qüvvələrə xəbərdarlıq edib. Bildirib ki, Ermənistan işğalçı mahiyyətindən əl çəkməsə, yenidən təxribatlar törətməyə cəhd etsə, Azərbaycanın zərbəsi ağır və sarsıdıcı olacaq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, erməni lobbisi dünya boyunca Azərbaycan və Türkiyənin əleyhinə fəal iş aparır: “Sözsüz ki, bu qüvvələr Qərbdə mövcud olan siyasi və media korrupsiyası faktlarından istifadə edirlər. Bu yolla təsir imkanlarını işə salırlar və Avropa hökumətlərini də prosesə cəlb edirlər. Bu, ya birbaşa, ya da dolayı yolla həyata keçirilir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Ermənistanda azərbaycanofobiya, islamofobiya meylləri hökm sürür. İslamofobiya təkcə Ermənistanda deyil, təəssüf ki, aparıcı Qərb dövlətlərində də müşahidə olunur. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də biz bunu aydın şəkildə müşahidə edirik”.

Deputatın sözlərinə görə, Ermənistanın müharibə aparmaq imkanı yoxdur: “Bu, çox təhlükəli bir addım olar. Bununla da iqtisadiyyatı çökmüş, ordusu darmadağın edilmiş Ermənistan məhv ola bilər. Bunu rəsmi İrəvanda da bilirlər, onları qızışdıran beynəlxalq “mətbəxlərdə” də. Sadəcə, sanki hansısa qüvvə Ermənistanı məhvə sürükləyir. Onlar üçün qətiyyən maraqlı deyil ki, erməni xalqının taleyi necə olacaq. Bu prosesdən nəyin bahasına olursa-olsun, müəyyən dividendlər qazanmağa çalışırlar. Hətta erməni xalqını qurban vermək bahasına olsa belə. Lakin son seçkilərdə erməni xalqı öz seçimini aydın şəkildə ortaya qoydu. Onlar sülhdən yana olduqlarını bəyan etdilər. Əks halda məğlub hökumətin başçısına yenidən etimad göstərməzdilər. Sözsüz ki, müharibə bəyanatları bir yerə qədərdir. Nə zaman görsələr ki, real müharibə riski var, o zaman təxribatçı fəaliyyətlərinə son verəcəklər”.

Mollazadə Azərbaycan rəhbərinin dünya birliyinə mühüm mesajlar verdiyini qeyd edib: “Dövlət başçısı Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirdi. 30 ilə yaxın müddət ərzində torpaqlarımızın işğal olunmasına, soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə, Xocalıda misli görünməmiş insanlıq əleyhinə cinayətə göz yuman dairələrə xəbərdarlıq etdi ki, onların hansı mövqeyi tutmasının heç bir əhəmiyyəti yoxdur. Qəti şəkildə qeyd etdi ki, Ermənistan özünə yığılmasa və bu cür məkrli niyyətindən əl çəkməsə, “Dəmir yumruq” yenə işə düşəcək. Bu isə çox mühüm məqamdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da AYNA-ya şərhində Anım Gününün əhəmiyyətindən söz açıb: “Heç şübhəsiz ki, torpaqlarımızın işğal altında olması bir xalq olaraq bizim utanc yerimiz idi. 44 günlük müharibə zamanı əldə etdiyimiz parlaq qələbə Azərbaycanın üzərindən tarixi ləkəni götürdü. Mütəmadi olaraq beynəlxalq tədbirlərdə iştirak edir, ermənilərin Qarabağda törətdiyi vəhşiliklərdən danışırdıq. Bu, çox qürurverici haldır ki, artıq döyüş meydanında öz sözümüzü deməyi bacardıq. Ali Baş Komandan İlham Əliyevin cəsarətli və qətiyyətli qərarları, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına bu qələbəni qazandıq. 27 sentyabrdan başlayaraq 10 noyabra qədər davam edən hər bir gün bizim üçün əzizdir”.

Müsahibimiz Prezident İlham Əliyevin xalqa müraciəti zamanı vacib məqamlara toxunduğuna diqqət çəkib: “Ermənilər uzun illər ərzində torpaqlarımızı işğal altında saxladılar və bu müddətdə guya özlərinin soyqırıma məruz qalmalarına dair saxta təbliğat aparırdılar. Azərbaycana qarşı nifrət o həddə çatmışdı ki, onlar törətdikləri vandalizm aktları ilə belə, fəxr edirdilər. Bir gün ayıldılar ki, “Lələ köçüb, yurdu qalıb”. Artıq qatar gedib. Bu gün qatarın arxasınca baxırlar. Nə qədər istəyirlər baxsınlar,  qatar bir daha geri dönməyəcək. Ondansa yaxşı olar ki, gələcəyə baxsınlar. Bu, onlar üçün daha faydalıdır. Gələcək isə işğalçılıq siyasətindən birmənalı şəkildə imtina etməkdən, Azərbaycanla mehriban qonşuluq münasibətlərini bərpa etməkdən keçir. Bunu edəcəklərsə, deməli, irəli gedəcəklər. Yox əgər etməyəcəklərsə, İlham Əliyevin də söylədiyi kimi, məyus olacaqlar”.

“Azərbaycan dövləti bütün parametrlərinə görə, Ermənistandan öndədir. Bu, bir reallıqdır. Hesab edirəm ki, bu reallığı Ermənistanda da başa düşürlər. Sadəcə məğlubiyyət eyforiyası hökm sürür və bunun təsirindən hələ də çıxa bilmirlər. Zamanla bu da baş verəcək”, - deyə Cəfəroğlu fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev