Bakıda vulkan püskürüb 

Hadisə

11.08.2022 - 11:48

"Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb"

Bu gün Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında vulkan püskürüb. AYNA xəbər verir ki, Geologiya və Geofizika İnstitutu yerləşən Lökbatanda palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, bu, güclü püskürmədir: "Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb". 

Məlumatda bildirilib ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, 11.08.2022-ci ildə yerli vaxtla 09:36-da da palçıq vulkanı püskürüb. Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub. Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan, Qusar stansiyalarında qeydə alınıb.

Müəllif: Ayna.az