Bakıda silahlı narkotacirlər saxlanılıb

Xəbərlər

04.02.2021 - 16:19

Hər iki şəxs tutularaq istintaqa cəlb olunub

 

Bakının Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Emil Məmmədov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarış zamanı ondan 33 qrama yaxın metamfetamin aşkarlanıb.

 

Davam etdirilən tədbirlər nəticəsində E.Məmmədovun idarə etdiyi avtomobilə baxış keçirilib. Avtomobildən 3 kiloqram 290 qram heroin, 1 kiloqram 322 qrama yaxın metamfetamin və 240 qram marixuana götürülüb.

 

Araşdırma zamanı müəyyənləşdirilib ki, Emil Məmmədov xarici ölkələrdən birinin şəxsiyyəti istintaqa məlum olmayan vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə kömək edib. Saxlanılan şəxsin həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli olduğu müəyyənləşdirilib.

 

Həmin rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə paytaxt sakini Eldar Useynov saxlanılıb. Onun üzərinə və idarə etdiyi minik avtomobilinə baxış zamanı ümumi çəkisi 25 qrama yaxın heroin, “Borxard-Lüger” konstruksiyalı tapança və 27 patron aşkarlanaraq götürülüb. E.Useynov ifadəsində narkotik vasitələrlə silah-sursatın ona məxsus olduğunu və satmaq məqsədilə əldə etdiyini deyib.

 

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hər iki şəxs tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az