BNA: Mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir
Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayının 60-70 faiz azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb. Həmçinin, daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib.
Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, bu addımlarda məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin, digər vacib xidmət sahələrində çalışan vətəndaşlarıın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.
"Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadan belə, evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə, qeyd olunduğu kimi, fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və yoluxma riskini artır”, - məlumatda qeyd olunur.
BNA bəyan edir ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsini zəruri edir: “Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişin daşımalarını yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçirəcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər, həmçinin, onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”.