Hazırlanmış layihəyə uyğun olaraq, abadlıq-quruculuq işləri başa çatdırılıb
Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Başı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, bu dəfə A.Məhərrəmov küçəsi 45 və 47 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq, A.Məhərrəmov küçəsi 45 və 47 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılıb, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə 1000 kvadratmetrə yaxın asfalt örtüyü, 1500 kvadratmetrdən artıq qazon, 500 kvadratmetr tamet daşı vurulub, 350 poqonometr yeni bordürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub. Bundan əlavə, 100 poqonometr istinad divarı bərpa olunaraq aqlay daşla üzlənib və əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidə mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəlləyə 50 ədəd müxtəlif növ həmişəyaşıl ağac, 500-dən artıq gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.
Yaşıllıqların suvarılması üçün 200 poqonometr su xətti, atmosfer sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib. Həyətdə işıqlandırma sistemləri yenidən qurulub.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.