Şagirdlər nəticələri barədə yerində məlumat əldə edirlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmə keçirilir. Qiymətləndirmə Microsoft TEAMS proqramı vasitəsilə aparılır.
BŞTİ-dən AYNA-ya bildirilib ki, sualların tərtib olunması və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən həyata keçirilir. Şagirdlər nəticələri barədə yerində məlumat əldə edirlər.
Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə Elm və Təhsil Nazirliyinin kollegiya qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən keçirilən ənənəvi summativ qiymətləndirmələrin müvafiq proqram təminatından istifadə edərək təşkilidir.
Rəqəmsal summativ qiymətləndirmə tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, gənclərin çağırışaqədərki hazırlığı, texnologiya istisna olmaqla) aparılır. Bu prosesin keçirilməsində əsas məqsədlər şagirdlərin və müəllimlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, şagirdlərin nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və məktəblərdə kağız israfının qarşısının alınmasından ibarətdir.