“Azərişıq”dan kənd sakinlərinə böyük ziyan – <font color=red> Mühəndis xətası</font>

Hadisə

30.07.2020 - 23:21

Camaatın məişət avadanlıqları sıradan çıxıb, dəymiş ziyanı isə ödəyən yoxdur

 

Lerik rayonunun Hamermeşə kəndində, Lerik-Lənkəran şosesinin 30-cu kilometrliyində yerləşən transformatorda “Azərişıq” əməkdaşlarının apardığı təmir işləri zamanı qəza baş verib. Kənd sakinlərindən AYNA-ya daxil olan müraciətdə bildirilir ki, elektrik mühəndisinin səhvi ucbatından kənd sakinlərinin məişət texnikaları sıradan çıxıb. Buna səbəb elektrik enerjisinin qəfil kəsilməsi və bir müddət sonra iki faza gərginliyində verilməsi olub.

 

Kənd sakini Ulduz İbadov baş verənləri belə anladır: “22 iyul tarixində saat 14:00-15:00 arasında işıqlar söndü. Yarım saat sonra işıq yananda otaqdan səs eşidildi. Baxdıq ki, televizor partlayıb və tüstü verir. İşığı yandırıb baxanda lampa partladı. Modemin, telefonların adapterləri də yandı. Biz elektrik mühəndisi ilə əlaqə saxladıq. O dedi ki, transformatora qoruyucu qoşulub, amma qoruyucunun qoşulmasında heç bir problem olmayıb. Daha sonra elektrik xətlərinə baxdılar. Məlum oldu ki, naqillər ağacda bir-birinə dolaşıb. Zamanında xəttin çəkilməsi üçün ağacda budama işi aparmadılar. Naqillər yarpaqların arasından keçir. Nəticədə də bütün camaata böyük ziyan dəydi. İndi işığı düzəltsələr də, bizim sıradan çıxan avadanlıqlarımızın məsuliyyətini kim daşıyır?”.

 

Kənd sakini Xanəmir Hümmətov da zərərçəkənlərdəndir: “İşıqlar qəfildən iki faza oldu. Paltaryuyan maşın sıradan çıxdı. Səbəb də odur ki, elektrik xətləri zamanında düzgün çəkilməyib. Naqillər ağacların arasından keçir və azca külək olan kimi bir-birinə dolaşır. Dəyən zərər də sadə kənd camaatına dəyir. İndi bizə dəyən zərəri kim qarşılayacaq?”

 

Məsələ ilə bağlı “Azərişıq”ın məlumat mərkəzi ilə əlaqə saxladıq. Məlumat mərkəzindən bildirdilər ki, bu barədə onlara hər hansı şikayət daxil olmayıb, məlumatı qeydə alıb araşdıracaqlar.

Müəllif: Bünyamin