Azərbaycanlılar ukraynalılarla çiyin-çiyinə - Qaynar nöqtələrdən son xəbərlər

Aktual

17.03.2022 - 15:22

Ukraynada tarix yazılır: təcavüzkarın hücumları, xalqın şiddətli müqaviməti davam edir

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə başlamasının 22-ci günü başa çatır. İşğal müharibəsi səbəbindən şəhərlər, kəndlər dağılır, günahsız insanlar həlak olur. Dinc əhalinin yaşadığı məkanlara, yaşayış binalarına bombalar yağdıran Rusiya 21-ci əsrdə bütün dünyanın gözü qarşısında bir xalqa qarşı qətliam törədir. Müharibənin ilk günündən mübarizlik nümayiş etdirən Ukrayna xalqı isə zülmə qarşı böyük əzmkarlıq göstərir.

AYNA dost Ukraynada yaşananlarla bağlı bu ölkədə yaşayan soydaşlarımızla həmsöhbət olub.

Paytaxt Kiyevdə yaşayan jurnalist İdrak Camalbəyli:

“Şəhərə hücumlar davam edir: Hər gün, ələlxüsus da axşam saatlarında raket zərbələri endirilir. Həyəcan siqnalı verilir, insanlara şəhərə çıxmaq qadağan edilir. Şəhərə çıxmağın qadağan olduğu vaxtlarda kimlərin buraxılış vərəqləri varsa, onlara icazə var. Ötən gün axşamdan başlayaraq səhər saatlarınacan raket zərbələri endirilib Kiyevə.

Havadan müdafiə qüvvələri atılan raketləri zərərsizləşdirir. Lakin o qədər çox raket zərbələri endirilir ki, zərərsizləşdirildikdə belə, qırıntılar binaları zədələyir. Həyəcan siqnalı veriləndə insanların telefonlarına bu barədə məlumat göndərilir. Təhlükə sovuşduqdan sonra da bu barədə bildiriş gəlir.

Dünən səhər saatlarında uşaq xəstəxanasından 500 metr aralıda qanadlı raket vuruldu. Əgər o vurulmasaydı, hansı təhlükə gözlənilirdi, bir Allah bilir. Bu vəziyyət hər gün davam edir. Əvvəllər küçələrdə diversantlar var idi, təxribat törədirdilər. İndi bunun qarşısı alınıb. Bizim işimiz də ondan ibarətdir ki, gecə-gündüz onları axtarıb tapıb təhvil verək.

İlk günlərdə insanlarda təlaş olsa da, artıq vəziyyət adiləşib. Kiyevdə 2 milyon yarım adam qalıb. Bir neçə gündür fikir vermişəm, gedənlər qayıdır. Rusiyanın bu aqressiyası qarşısında ilk gündən Ukrayna xalqı müdafiə olundu, mərdlik göstərdi. Hazırda şəhərdən çıxanlar da geri qayıdırlar. Onlar arasında qadınlar da var. Çoxu şəhərə gəlir, necə yardım edə biləcəyini soruşur.

Bütün gün şəhərdəyəm. İlk gündən könüllü müdafiə dəstəsindəyəm. Həm jurnalist kimi, həm də bir azərbaycanlı olaraq Ukrayna xalqının yanında öz vətəndaşlıq borcumu yerinə yetirirəm. Burada azərbaycanlılardan kimin nəyə gücü çatırsa, yardım edir. Həmin yardımların çatdırılmasında əlimdən gələn köməyi edirəm”.

Odessada yaşayan, “Birlik” diaspor təşkilatı sədrinin media üzrə müavini, jurnalist Anar Natiqoğlu:

“Ötən gündən gəmilər sahilə yaxınlaşıb, Odessada narahatlıq hiss olunur. Döyüşlər gedir. Əks-hücumlar davam edir. Düşmən itkilər verir. Bütün cəbhələr bölgələrindən - Kiyev, Donbass istiqamətlərindən xoş xəbərlər gəlir.

Odessa ilə bağlı narahatlığımız var. Gəmilər gəlib sahilə yaxınlaşıb. Ötən gün gecədən həyəcan siqnalı demək olar ki, dayanmır. Şəhərin 30-40 kilometr yaxınlığına raket düşüb. Böyük ehtimalla, gəmidən atılanlardır. Gərginlik olsa da, əhval-ruhiyyə yaxşıdır. Gedənlər gedib, qalanlar qalıb, təxliyə dayanıb. Odessadan getmək istəyənlər təxliyə olunublar.

Başqa şəhərlərdən gələnlər olur. Onları da çalışırıq ki, Lvova, qərb istiqamətinə yönəldək. Çünki orada sığınacaq, təminat, təchizat baxımından vəziyyət daha yaxşıdır. Moldovaya gedənlərin bu baxımdan elə də rahatlığı olmur.

Son günlər bizə təxliyə ilə bağlı müraciətlər olunmayıb. Bu günlərdə də postlara yardım aparırıq. Əlimizdən gələni edirik. Uşaq evlərinə yetim qalmış körpələr gətirildiyi barədə məlumat veriblər. Onların nəyə ehtiyacı olduqlarını soruşmuşam. Çalışacağıq, yardım edək. Hələlik bu cür formada öz köməyimizi etməyə çalışırıq”.

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov:

“Ukrayna xalqının itkilərinə rəğmən, bu mübarizədən qalib ayrılacağına inanıram. Ukraynada yaşayan azərbaycanlılarla bağlı sosial media hesabımdan paylaşımlar edirəm. İnsanlarda əhval-ruhiyyə yerindədir. 21 günə düşmənin 4 generalını, 13 min nəfərdən çox canlı qüvvəsini məhv edən Ukrayna hər gün qələbəyə bir addım daha yaxınlaşır.

Can çəkişən avtoritarizmə, özünü bir daha doğrulda bilməyəcəyi, qonşularına bir daha əsla təcavüz edib oyun qura bilməyəcəyi barədə həyat dərsi keçən Ukrayna xalqı ilə bərabər olduğum üçün özümü şanslı hesab edirəm. 2 il bundan öncə Qarabağda rus-erməni birləşmələrini məhv edən millətin oğlu olaraq, Allahın bizə 2-ci vətənimizdə - Ukraynada zəfər nəsib etməsini gözləyir və bunun üçün çalışırıq”.

Müəllif: Aləmdə Nəsib