“Azərbaycanın Ermənistanı sülhə məcbur etməkdən başqa çıxış yolu yoxdur”

Siyasət

08.10.2020 - 10:19

Sabiq nazir: “Atəşkəsin bərpa olunması ilə bağlı konkret təkliflərin ediləcəyi istisna deyil”

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan “Frans Press” nəşrinə müsahibəsində rəsmi İrəvanın Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı güzəştə getməyə hazır olduğunu bildirib: “Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştə gedə bilər, amma Azərbaycanın güzəştə gedəcəyi qədər”.

 

Lakin Paşinyan müsahibəsində Ermənistanla yanaşı qondarma “Dağlıq Qarabağ Respublikası”nın da güzəştə hazır olduğunu vurğulayıb. Paşinyanın “Dağlıq Qarabağ da buna hazırdır” ifadəsi, əslində düşmən ölkənin “güzəşt” təklifini sual altında qoyur.

 

Digər tərəfdən, Ermənistanın keçmiş Müdafiə naziri, Paşinyanın indiki baş müşaviri Vaqarşak Arutunyan Rusiyanın “Rossiya 1” kanalına müsahibəsində Ermənistanın Azərbaycanın dinc əhalisini bilərəkdən vurduğunu etiraf edib. O bildirib ki, dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təşviş yaratmaq istəyirlər: “Biz taktika hazırlamışıq ki, artilleriya zərbələri endirərək, hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, daha sorna isə dinc əhalinin yaşadığı ərzilərə zərbələr endirərək təşviş yaradaq”.

 

Beləliklə, Paşinyanın “güzəştə getmək istəməsi”, müşavirinin isə Azərbaycanın mülki əhalisini qəsdən vurduqlarını etiraf etməsi arasında yaranan ziddiyyət, əslində düşmənin növbəti mənfur niyyətindən xəbər verir.

 

Mənzərəni AYNA-ya şərh edən Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, düşmən ölkə rəsmilərinin bu cür bəyanatlar verməsi onların əsl məqsədini ortaya çıxarır: “Hesab edirəm ki, bu cür bəyanatları biz də lazımi yerlərə çatdırmalıyıq ki, onların məqsədlərinin nədən ibarət olduğu hamıya məlum olsun. Məqsəd də işğal olunmuş ərazilərin hamsını işğal altında saxlamaq, anneksiya siyasətini həyata keçirmək, iqtisadi və digər sahələrdə Ermənistana birləşdirməkdən ibarətdir. Bu, onların istəyidir. Bu istəklərinə nail olmaq üçün də bu qədər qurbanlar verirlər”.

Tofiq Zülfüqarov — Vikipediya

“Bəllidir ki, Ermənistan tərəfi çox sayda itkilər verir, dağıntılara məruz qalır. Yəni onların həmlələri cavabsız qalmır. Lakin bu anormal ideya uğrunda hələ də israrlıdırlar. Əgər, onlar bu ideya uğrunda israrlıdılarsa, o zaman Azərbaycanın onları sülhə və beynəlxalq qanunlara riayət etməyə məcbur etməkdən başqa çıxış yolu qalmır”, - ekspert bildirib.

 

Müsahibimiz hərbi əməliyyatların dayandırılması və atəşkəs imzalanması üçün Azərbayacana edilən çağırışları da dəyərələndirib: “Mən cənab Prezidentin açıqlamasını yada salmaq istəyirəm. Prezident atəşkəsin hansısa siyasi məqsədlər üçün üslub olduğunu və atəşkəsin heç nədən yarana bilməyəcəyini demişdi. Biz, əslində atəşkəs rejiminin uzadılması ilə dünyada rekord vurmuşuq. Heç kimin nəzarəti olmadan, 26 il atəşkəs rejiminə riayət eləmişik. Mən dünya tarixində buna bənzər bir vəziyyət görməmişəm”.

 

“Amma bu illər ərzində bu atəşkəs heç nəyi həll etməyib. Əslində, biz atəşkəsi, sülhü və danışıqları hamıdan çox istəyirik. Amma bu, o demək deyil ki, atəşkəs, hansısa imitasiya şəklində qurulmuş danışıqlar onlar üçün imkan yaratsın ki, bundan qabaq həyata keçirdikləri siyasəti yenə də davam etdirsinlər. Təbii ki, bu, qəbuledilməzdir və Azərbaycan buna getməyəcək”, - Zülfüqarov vurğulayıb.

 

Keçmiş nazirin fikrincə, bu mövqe yavaş-yavaş hamıya bəlli olur: “Hansısa yaxın bir dövrdə, atəşkəsin hansı vəziyyətdə, ya da hansı şərtlərlə bərpa olunması ilə bağlı konkret təkliflərin ediləcəyini istisna etmirəm. Şərtlər də Azərbaycan tərəfindən səslənib. Bizə təqvim lazımdır və bu təqvimdə konkret göstərilməlidir ki, düşmən hansı məntəqələrdən hansı vaxtı çıxır. Buna əməl olunmasına da təkcə Ermənistan yox, vasitəçi dövlətlər də zəmanət veməlidir. Bir sözlə, bizim mövqeyimiz tam bəlli və açıq-aydındır”.

Müəllif: Mərahim Nəsib