Azərbaycanda quş qripi ilə bağlı monitorinqlər keçiriləcək

Xəbərlər

08.12.2023 - 11:32

Tələf olmuş heyvanlardan diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birlikdə quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçirəcək. AYNA xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin 11-15 dekabr tarixlərində keçiriləcək monitorinq zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, ərazi ilə yanaşı vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq.

Həmin müddətdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Xızı, Şabran, Siyəzən, Lənkəran, Lerik, Hacıqabul, Biləsuvar, Bərdə, Sabirabad və Beyləqan rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Şabran, Xaçmaz, Lənkəran, Salyan, Biləsuvar və Ağcabədi rayonlarının ailə təsərrüfatlarında laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.

Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az