Professor Hüseyn Xəlilov 79 yaşında dünyasını dəyişib
Görkəmli geomorfoloq alim, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov vəfat edib. AYNA xəbər verir ki, bu barədə Coğrafiya İnstitutundan bildirilib.
H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Füzuli rayonunun Hünküklü kəndində anadan olub. 1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq, Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-cü ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib.
O, “Qafqazın regional geomorfologiyası”, “Azərbaycanın relyefi”, “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası” üçcildliyi, “Azərbaycanın paleogeomorfologiyası” monoqrafiyalarının, “İzahlı geomorfoloji lüğət” və “Azərbaycanın təbii ehtiyatları” atlasının, Dövlət mükafatına layiq görülmüş “Azərbaycan Respublikasının Coğrafiyası” monoqrafiyasının 1-ci və 3-cü cildlərinin, “Naxçıvan Muxtar Respublikasının Coğrafiyası” monoqrafiyalarının icraçı müəlliflərindən biri, “Kiçik Qafqazın morfostrukturları” monoqrafiyasının və 200-ədək elmi məqalə və tezislərin müəllifidir.
Allah rəhmət eləsin!