Ceyhun Bayramov: “Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün”
“Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddialar reallığı təhrif edir”. AYNA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin etdiyi səfiri Mixail Yevdokimovu qəbul edərkən deyib.
Görüşdə 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
C.Bayramov Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.
Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb. Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.