“Azərbaycan “Qisas” əməliyyatına başlsa, bu, ermənilərə baha başa gələcək” 

Aktual

06.03.2023 - 15:37

Ramiz Alıyev: “Nə qədər gec deyil, Ermənistan Qarabağdakı qanunsuz silahlı dəstələrini geri çağırmalıdır”

“Qarabağdakı qanunsuz erməni silahlılarının məqsədi Xankədidəki ermənilərlə Bakının apardığı dialoqa mane olmaq, dinc ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaqdır”.

Bunu martın 5-də Azərbaycanın tarixi şəhəri olan Xankəndidə yaşayan təxribatçı dəstələr  və onlara dəstək verən qüvvələrin növbəti cinayətlərini AYNA-ya şərh edən politoloq Ramiz Alıyev deyib.

“Silahlı ermənilər Şuşanın Xəlfəli kəndindəki gizlin yollarla silah-sursat daşıyarkən Ordumuz tərəfindən aşkarlandılar. Bu zaman onlar təslim olmaq əvəzinə hərbçilərimizə atəş açdılar. Təəssüf ki, xain hücum nəticəsində iki şəhidimiz oldu. Allah onlara rəhmət eləsin. Təbii ki, təxribatçıların bu əməlləri cavabsız qalmadı.  Hərbçimizə tətik sıxan canilər məhv edildilər”, - deyə o bildirib.

R.Alıyev qeyd edib ki, bir neçə gün öncə erməni separatçıların Qarabağ bölgəsində sülhməramlıların gözləri qarşısında hərbi istehkamlar tikdikləri barədə məlumat yayılmışdı: "Ermənilər həmin ərazilərdə  postlar qurub ora kameralar quraşdırmışdılar. Azərbaycan tərəfi bu faktları videolentə alaraq ictimailəşdirmişdi. Çox güman ki, bu barədə Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbərliyinə də məlumatlar verilib”.

Politoloqun qənaətincə, təxribatçılar onlara verilən dərslərdən ibrət götürmək əvəzinə revanşizmə meyl edirlər: “Onlar silahlarını yerə qoymurlar, günboyu mövqelərimizi atəşə tuturlar. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Qarabağdakı qeyri-qanuni silahlı erməni dəstələri tərksilah edilməli və  ərazilərimizdən uzaqlaşdırılmalıdırlar. Bu 10 noyabr 2020-ci il Üçtərəfli Birgə Bəyanatda öz əksini tapıb. Sənəddə çox aydın göstərilib ki, Azərbaycan ərazisində, konkret olaraq Qarabağda ermənilərin yaşadıqları coğrafiyada heç bir silahlı dəstə ola bilməz. Buna imza atan liderlərdən biri Rusiya Prezidenti Vladimir Putin, digərləri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyandır. Təəssüf ki, nə Qarabağda müvəqqəti yerləşdirilən  Rusiyanın sülhməramlı kontingenti, nə də Ermənistan tərəfi bu razılaşmaya əməl edirlər”.

“Azərbaycan hökumətinin Qarabağdakı dinc ermənilərlə ünsiyyət, dialoq qurduğu bir ərəfədə məkrli qüvvələr bu cür nəcib təşəbbüsü boğmağa, qarşısını almağa çalışırlar. Təsadüfi deyil ki, radikal ermənilər Bakıdan göndərilən səlahiyyətli şəxslərlə görüşən erməniləri "vətən xaini" çıxarırlar. Deməli, məqsəd dialoqa, inteqrasiyaya mane olmaqdır. Şuşa, Xocavənd və Ağdam da daxil olmaqla ordumuzun mövqelərinin atəşə tutulması buna hesablanıb”, - deyə analitik vurğulayıb.

R.Alıyev qeyd edib ki, 80 gündən artıqdır Laçın-Xankəndi yolunda eko-fəalların aksiya keçirməsi Xankəndiyə silah-sursat daşınmasına ciddi əngəl yaradıb: “Ona görə də təxribatçılar gizli yollardan biri olan Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edərək silah-sursat daşıyıblar. Ermənistan tərəfi iddia edir ki, məhv edilənlər guya polis əməkdaşları olublar və silah daşımayıblar. Əgər belədirsə, nə üçün onlar Laçın yolundan istifadə etməyiblər? Axı o yoldan dinc ermənilərin hərəkətinə heç bir maneə yoxdur. Onlar rahatlıqla o yoldan istifadə edilər. Ermənistandan gələn həmin avtomobilin Laçın yolundan kənar ərazidən keçməsi o deməkdir ki, onların yükü silah-sursat olub. Şübhə yoxdur ki, məhv edilən təxribatçıların təhlükəli əməlləri barədə xüsusi xidmət orqanlarımızda kifayət qədər məlumatlar olub”.

Politoloqun sözlərinə görə, Azərbaycan bununla bağlı məsələdə çox prinsipialdır, hər hansı güzəştdə getmək fikrində deyil: “Mövqeyimiz bütün beynəlxalq təşkilatlarda səsləndirilib. Məsələ o həddə çatıb ki, Azərbaycan özü bu razılaşmanın yerinə yetirilməsini təkbaşına icra etmək məcburiyyətində qalıb. Qarabağdakı erməni silahlı dəstələrin tərksilah edilməsi, Laçın dəhlizinin giriş və çıxışlarında gömrük-sərhəd məntəqələrinin qurulması zərurətə çevirilib.  Yayılan məlumatlardan da aydın olur ki, məhv edilmiş erməni silahlılar Laçın dəhlizinə alternativ yolla silah-sursat daşınmasını həyata keçirməyə cəhd ediblər. Erməni tərəfi yenə də öz cinayətlərini ört-basdır edərək məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Guya Azərbaycan ordusu heç bir ehtiyac olmadan ermənilərə hücum edib və s. Ənənəvi cəfəngiyatlarını səsləndirən erməni tərəfi unutmamalıdır ki, Azərbaycan heç zaman öz ərazisində qeyri-qanuni silahlı dəstələrin mövcudluğuna göz yummayacaq”.

“Baş vermiş hadisəyə görə əsas məsuliyyətin Ermənistanın baş naziri Nikol Paşinyan və Qarabağda qanunsuz erməni silahlılarının sərbəst fəaliyyətinə göz yuman digər qüvvələrin daşıdığını deyən R.Alıyev qeyd etdi ki, Azərbaycan növbəti “Qisas” əməliyyatına başlasa, bu, Qarabağdakı ermənilər üçün çox pis nəticələr verə bilər.  Nə qədər gec deyil, Ermənistan Qarabağdakı qanunsuz silahlı dəstələrini geri çağırmalıdır”, - deyə politoloq fikrini tamamlayıb.

Müəllif: Ayna.az