Azərbaycan Premyer Liqasında III tura yekun vurulub

İdman

21.08.2023 - 01:49

“Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. AYNA xəbər verir ki, bağlanış matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Həftəiçi UEFA Konfrans Liqasında rəqiblərinə məğlub olaraq avrokuboklarla vidalaşan Bakı təmsilçiləri “Bank Respublika Arena”da qarşılaşıblar.

Əliyar Ağayevin idarə etdiyi paytaxt derbisində hesabı meydan sahibləri açıb. 43-cü dəqiqədə Boyan Letiç dəqiq zərbə vurub. Fasilədən sonra “status-kvo” bərpa olunub. 49-cu dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın baş məşqçisi Murad Musayev son dəqiqələrdə qırmızı vərəqə alıb.

Bu nəticədən sonra “Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” “Səbail”i (2:1) səfərdə, “Qarabağ” isə “Araz-Naxçıvan”ı (2:1) öz meydanında məğlub edib.

Premyer Liqada IV turun oyunları avqustun 25-27-də keçiriləcək.

Müəllif: Ayna.az