Avstraliya Silahlı Qüvvələri Qırmızı dənizdəki 153-cü İşçi Qüvvəyə komandanlıq edəcək
Avstraliya 2024-cü ilin oktyabr ayından etibarən ilk dəfə Qırmızı dənizdə patrul aparan beynəlxalq işçi qrupunun komandanlığını öz üzərinə götürəcək. AYNA xarici mediaya istinadən bildirir ki, müvafiq bəyanatı ölkənin Müdafiə Nazirliyi yayıb.
“Bu ilin oktyabr ayından növbəti altı ay ərzində Avstraliya Silahlı Qüvvələri Birləşmiş Dəniz Qüvvələrinin (CMF) bir hissəsi kimi Qırmızı dənizdəki 153-cü İşçi Qüvvəyə komandanlıq edəcək. Beynəlxalq səylər çərçivəsində Qırmızı dəniz, Bab əl-Məndeb boğazı və Ədən körfəzindəki ticarət yolları qorunacaq”, - nazirliyin açıqlamasında qeyd olunub.
Nazirlik həmçinin bildirib ki, Avstraliya Hərbi Dəniz Qüvvələri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Qırmızı dənizdə husilərə qarşı əməliyyatlarında iştirakını davam etdirəcək.