Prioritetlər Ukraynanın münaqişədən təsirlənən bölgələrində həssas qruplara dəstək verməkdir
Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsi ilə əlaqədar Ukrayna və onun Moldovada olan qaçqınları üçün əlavə olaraq 148 milyon avro humanitar yardım ayırıb. AYNA xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb.
“Yeni maliyyələşmədə 148 milyon avro həm Ukraynada, həm də Moldovada həyati vacib humanitar yardımı dəstəkləməyə davam edəcək və Komissiyanın ümumi humanitar yardımını 1,1 milyard avrodan çox təşkil edəcək", - AK-nin məlumatında qeyd edilib.
Bildirilib ki, 140 milyon avro Ukraynadakı humanitar layihələrə gedəcək: "Maliyyə təcili yardıma, o cümlədən qida, sığınacaq, təmiz su, səhiyyə və qış mühafizəsinə yönəldiləcək".
Vurğulanıb ki, prioritetlər Ukraynanın şərqi və cənubunda münaqişədən təsirlənən bölgələrdə həssas qruplara dəstək verməkdir.
Qalan 8 milyon avro isə ukraynalı qaçqınlara dəstək məqsədilə Moldovada humanitar layihələrə yönəldiləcək: “Dəstək əsas diqqəti nağd yardıma, səhiyyə və təhsil kimi mühüm xidmətlərə çıxışa və psixososial dəstəyə yönəltməklə ukraynalı qaçqınlara və ev sahibi Moldova icmalarına yardıma yönəldiləcək”.