Rusiyaya qarşı yeni sanksiyalar paketi də rəsmi olaraq təsdiqlənib
Avropa İttifaqı (Aİ) cümə axşamı günü Ukraynaya vəd edilmiş 90 milyard avroluq krediti, eləcə də Rusiyaya qarşı yeni sanksiyalar paketini rəsmi olaraq təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə hazırda rotasiya əsasında sədrlik edən Kipr tərəfi “X”də məlumat yayıb.
“Azadlıq” Radiosunun Ukrayna Xidmətinin məlumatına görə, Kiyevə əlavə maliyyə yardımı ayırmaq üçün zəruri olan Aİ büdcəsinə düzəlişlər, eləcə də Moskvaya qarşı 20-ci sanksiya paketi Aİ Şurası tərəfindən yekdilliklə təsdiqlənib.
Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə axşamı keçiriləcək Avropa blokunun sammitində iştirak etmək üçün Kiprə getdiyi bildirilir. Daha əvvəl Avropa krediti barədə danışan Zelenski qeyd etmişdi ki, Ukrayna ilk tranşı mayın sonu və ya iyunun əvvəlində almağı gözləyir. Vəsaitlər ordu, silah istehsalı və vətəndaş dəstəyi üçün istifadə olunacaq.