Brüsseldəki Aİ səfirləri Ermənistana mülki missiya göndərmək qərarını təsdiqləyiblər
Avropa İttifaqının (Aİ) Ermənistanda ikinci missiyası olacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “Azadlıq” Radiosunun Ermənistan xidməti məlumat yayıb.
Məlumata görə, Brüsseldəki Aİ səfirləri Ermənistana mülki missiya göndərmək qərarını təsdiqləyiblər. Bununla da gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə baş tutması gözlənilən yekun təsdiq üçün yol açıblar.
Missiyanın mandatı, strukturu və müddəti ilə bağlı Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından təklif alınıb. Sənədə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktik məsləhətlər və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirəcək.
Bu məsləhətləşmələr siyasətin hazırlanması, xarici məlumatların manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanması və onlara qarşı reaksiya verilməsinə yönələcək.
Missiya həmçinin Ermənistanın təhlükəsizlik imkanlarını inkişaf etdirmək ehtiyacını qiymətləndirəcək ki, bu da ölkənin Aİ metodologiyalarına və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv şəkildə müəyyən etməsinə və onlara cavab verməsinə imkan verəcək.