Baş Prokurorluq cinayətlə bağlı məlumat yayıb
“Bəzi kütləvi informasiya vasitələrində Şamaxı şəhər sakini 26 yaşlı Zümrüd Yusifovanın əri Səməd Yusifov tərəfindən bıçaqlanması barədə informasiyalar yayılıb”. AYNA xəbər verir ki, bu sözlər Baş Prokurorluğun Mətbuat Xidmətinin açıqlamasında əksini tapıb.
Bildirilib ki, iyunun 27-də saat 16:00 radələrində Səməd Yusifov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zümrüd Yusifovaya mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirməklə qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Səməd Yusifov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.