AQTA-dan Bakıda hoteldəki zəhərlənmə barədə AÇIQLAMA

Xəbərlər

07.05.2024 - 17:13

"Həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb"

“Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində  baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub”.

AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasında əksini tapıb.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb.

“Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir”, - deyə AQTA-dan qeyd olunub.

Xatırladaq ki, yerli medianın məlumatına görə, Bakının Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. Hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az