Anıtqəbirdən Əsriyə: Atatürkdən Rəsulzadəyə - <font color=red> FOTOLAR</font>

Maraqlı

06.03.2021 - 21:30

Eyni şəhərdə, fərqli məzarlıqlarda uyuyan qurucu babalar və onlara münasibət

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyədə səfərdə olarkən, ziyarət etdiyimiz məkanlar arasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarları da oldu. Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən hər iki məzar eyni şəhərdədir - Atatürk Anıtkabir (Anıtqəbir) kompleksində, Rəsulzadə Asri (Əsri) qəbristanlığında uyuyur.

 

Səfər ənənəsinə sadiq qalaraq, əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uyuduğu Anıtkabiri ziyarət etmək üçün yola düşdük. Anıtkabir, sözün əsl mənasında İslam dünyası üçün müqəddəs sayılan Məkkə və Mədinə şəhərləri qədər türklər üçün müqəddəs sayılır və izzətlə yad edilir. Dünyada öz liderinə göstərilən diqqət prizmasından yanaşsaq, Anıtkabir, bəlkə də ən ön sırada dayanır.

 

Bu pərəstiş və hörmət isə qarşılıqsız və heç bir ayrıseçkilik olmadan edilir. Yəni, dinindən, irqindən, cinsindən, yaşından və statusundan asılı olmayaraq, hər kəs Atatürkün məzarını ziyarət edir, ruhuna dualar oxuyur.

 

Anıtkabirə olan sevgi məkanı həm də hərbi hissə kimi formalaşdırıb. Belə ki, məkan günün 24 saatı yüksək diqqət və nəzarətlə qorunur və bəzi gənclər hərbi xidmətlərini belə, burda həyata keçirirlər. Hətta, bu xidməti böyük fərəh və qürur hissi ilə yerinə yetirirlər.

 

Kompleksin girişində azərbaycanlı heyət əsl qardaşlıq nümunəsi olan fərqli mərasimlə qarşılandı. Belə ki, Anıtkabirin hərbi heyəti azərbaycanlı qonaqları qarşılmaq üçün az qala mini parad təşkil etdi. Hərbi rütbəli nümayəndələr də bizimlə bərabər addımlayır və məkan haqqında məlumat verirdilər.

 

Anıtkabir girişindən çıxışına qədər Türk şəxsiyyətini və əzəmətini izah edən simvollar, abidələr, əsərlər, maddi və mənəvi xəzinə ilə doludur. Buna misal olaraq, girişdə bizi sağdan və soldan qarşılayan iki heykəl qrpunu göstərmək olar. Sağ tərəfdə yerləşən üç qadın heykəlindən ibarət abidənin maraqlı mənası var. Belə ki, heykəl qadınlardan biri türk qadınının əzəmətli duruşunu, biri Atatürkə Allahdan rəhmət diləməyi, digəri isə Atatürkün ölümündən kədərlənməyi simvolizə edir. Heykəl qadınların əllərində tutduqları çələng isə Anadolunun bərəkətli torpaqlarını simvolizə edir.

 

Sol tərəfdə kişi heykəl qrupu yerləşir və bu heykəllərin də özünəməxsus mənası var. Heykəllərdən biri türk əsgərini, biri türk gəncinin aydınlığını, digəri isə Anadolu kəndlisini simvolizə edir. İki heykəl qrupuna diqqət edərkən, hər iki heykəl qrupunun da boy ölçülərinin bərabər olduğunu görə bilərik ki, bu da Türkiyə Cümhuriyyətində dil, din, irq və cinsiyyət ayrı seçkiliyi olmadan hər kəsin bərabər olduğu anlamına gəlir.

 

Qeyd edim ki,  Atatürk vəfat edəndən sonra nəşi müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyinə gətirilib və 1953-cü ildə, dövrün Prezidenti Cəlal Bayarın da içtirak edildiyi mərasimlə, şəxsən onun üçün inşa edilmiş  Anıtkabirə gətirilib.

 

Anıtkabirin bir özəlliyi də ondan ibarətdir ki, məkan hər biri bir neçə mənanı ehtiva edən müxtəlif qruplardan ibarətdir. Buna misal olaraq, gücü və müstəqilliyi simvolizə edən İstiqlal qalasını, azadlığın müqəddəsliyini simvolizə edən Hürriyət qalasını, Türk əsgərinin evindən ayrılıb savaşa getməsini simvolizə edən Mehmetcik qalasını, Qurtuluş savaşında milli haqların müdafiəsini simvolizə edən Müdafaa-i Hukuk qalasını, qələbəni simvolizə edən Zəfər qalasını göstərmək olar.

 

Həmçinin, Anıtkabirdə Atatürkə müxtəlif dövlət başçıları tərəfindən hədiyyə edilən əşyalar, əsərlər, kitablar, silahlar və s. qorunub saxlanılır. Atatürkə olan sevgi və diqqət onun siqaret qabı və siqaretini yandırdığı kibrit qutusunun belə, bu məkanda qorunması ilə nəticələnib. Türkiyə Cümhuriyyətinin banisinin geyimləri, şəxsi əşyaları, hədiyyələri, bir sözlə, ona aid olan hər şey bu məkanda göz bəbəyi kimi qorunub, saxlanılır.

 

Əlqərəz, türklər öz liderlərini, dövlət qurucularını bu cür qibtə ediləcək səviyyədə sevir, qoruyur, dəyər verir və onun uğrunda ölümə belə, hazırdırlar. Hətta, pandemiya şəraiti və karantin qaydalarına rəğmən insanlar ayin yerinə yetirirmiş tez-tez Anıtkabirə gəlir, Atatürkü ziyarət edərək ruhuna dualar oxuyurlar.

 

Əslində, Anıtkabir və Atatürk sevgisi haqqında çox danışmaq olar, fəqət dahi liderə sevgi və diqqət o qədər böyükdür ki, buna nə zaman yetər, nə də güc. Ona görə də Anıtkabir təəssüratlarıma yekun vurub, növbəti ziyarətdən - Məhəmməd Əmin Rəsulzadənin məzarına baş çəkməyimizdən danışmaq istəyirəm.

 

Anıtkabirdən ayrılanda dərhal ağlıma bir fikir gəldi: Hər iki lider öz ölkəsinin qurucusu olsa da, ikisi də eyni şəhərdə uyuyur. Biri öz ölkəsində müqəddəslər kimi qorunur, ziyarət edilir, digəri isə ümumi bir qəbiristanlıqda həmvətənlərinin yolunu gözləyir.

 

Müqayisə apara-apara gəlib Asri qəbristanlğına çatdım. Düşündüm ki, Azərbaycan Xalq Cühmuriyyətini qurmaq uğrunda fədakarlıq edən - əsir düşən, həbsdə yatan, sürgün edilən, lakin amalından əsla vaz keçməyən lideri ziyarət etmək üçün hər dəfə Ankaraya gəlməliyəm ki, bu ziyarət baş tutsun.

 

Rəsulzadənin məzarı başında onu qoruyan əsgərlər, hərbçilər, haqqında şövqlə danışan vəzifəli şəxslər və bələdçilər yox idi. Məzarının üstünə yağan qarı belə, ziyarətçiləri təmizləyir. Orda yalnız Rəsulzadənin üstü buz bağalayan soyuq məzarı var. Hər tərəfi pampıq kimi qara bürünmüş məzarlıq, məzarlığın ağacında kədərli ötən quşlar, soyuq hava və kimsəsiz Rəsulzadə...

 

Ömrünü bir kərə yüksələn bayrağın bir daha enməməsinə, Azərbaycanın əbədi istiqlalına həsr edən Rəsulzadə haqqında çox danışmaq olar, lakin danışdıqca baş qaldıran kədər və təəssüf hissi insanı sükuta qərq edir. Elə və bu kədər və təəssüf hissi ilə Asri qəbristanlığından ayrıldım. “Yolum düşsə, mütləq gələcəyəm deyə”, - düşündüm. Gəlməsəm də, onun Novxanıda olan yeganə heykəli ilə təsəlli tapmaqdan başqa çarəmiz olmadığını da bilirəm...

Müəllif: Mərahim Nəsib