“Bu zonada NATO qoşunları və ABŞ qoşunları deyil, Avropa İttifaqının qoşunları yerləşdirilsin”
“Avropa İttifaqı münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeritməlidir”. AYNA xəbər verir ki, bu sözləri “Politico” nəşrinə müsahibəsində ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Kennet Vaynşteyn deyib.
“Ukrayna və Rusiya arasında hərbisizləşdirilmiş zona varsa, mən təklif edərdim ki, bu zonada NATO qoşunları və ABŞ qoşunları deyil, Avropa İttifaqının qoşunları yerləşdirilsin”, - ABŞ-ın keçmiş diplomatı bildirib.
Vaynşteyn Avropa İttifaqını təhlükəsizlik zəmanətlərinin təmin edilməsi çərçivəsində Ukraynaya qoşun göndərməyə hazırlaşmağa çağırıb. Diplomatın fikrincə, Avropa İttifaqının Kiyevə mühüm təhlükəsizlik zəmanətləri verməsi kritik dərəcədə vacibdir.
Diplomat əlavə edib ki, qoşunların Ukraynaya yerləşdirilməsi birləşmə niyyətlərinin ciddiliyini göstərəcək.
Daha əvvəl “Politico” mənbələrə istinadən yazıb ki, Avropa İttifaqı Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edəcək. Avropa rəsmisinin sözlərinə görə, Ukraynaya sülhməramlı kontingentin göndərilməsi məsələsi gec-tez ortaya çıxacaq.