Almaniyadan 300 nəfər azərbaycanlı deportasiya edilib

Hadisə

28.11.2019 - 11:22

Geri göndərilənlərin əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdir

 

Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb. AYNA Trend-ə istinadən xəbər verir ki, son iki həftə ərzində sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana vətəndaşlarımız göndərilib.

 

Onlar sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlərdir.

 

Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları gecə saatlarında onları Münhen hava limanına aparıblar. Deport olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdir.

 

Onların arasında könüllü şəkildə Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.

 

Xatırladaq ki, noyabrın 14-də Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Müəllif: Ayna.az