Akademik Teymur Bünyadov dəfn olunub

Xəbərlər

09.04.2022 - 13:23

Həkimlər Klinikalar SEO Xidməti

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb

Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub.

AYNA xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.

Mərasimdən sonra T.Bünyadov II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, alim aprelin 8-də 94 yaşında vəfat edib.

Qeyd edək ki, T.Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində dünyaya göz açıb. O, orta məktəbi qızıl medalla bitirib, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

O, 1955-ci ilin mayından elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirib. 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi alıb, 1970-ci ildə isə professor adına layiq görülüb. T.Bünyadov 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilib.

T.Bünyadov həm də ictimai-siyasi xadim olub. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olub. Eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri olub.

O, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar cəmiyyətinin üzvü olub.

Görkəmli alim T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika elmi tədqiqatlarının tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq” və “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvü olub.

Elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq akademik T.Bünyadov 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş