Əməli törətməkdə şübhəli bilinən 2 nəfər tutulub
Polis Ağcabədidə 47 min manat dəyərində kabeli oğurlamaqda şübhəli bilinən 2 nəfəri saxlayıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kənd təsərrüfatında istifadə edilən qurğuların elektrik kabelini oğurlayaraq külli miqdarda ziyan vurmaqda şübhəli bilinən şəxslər tutulublar.
Avqustun 20-dən 24-dək olan müddətdə rayonun Salmanbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus pivot suvarma qurğusunun 47 min manat dəyərində kabellərin oğurlanması barəsində polisə məlumat daxil olub.
Əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Cavanşir Əzizov və 1988-ci il təvəllüdlü Dilqəm Hüseynov saxlanılıblar.
Araşdırmalar zamanı C.Əzizovun Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən başqa bir suvarma qurğusundan 600 metr uzunluğunda kabel oğurlaması da müəyyən edilib.
Onların bu hərəkətləri nəticəsində sahələrin suvarılması dayanıb, təsərrüfat subyektlərinə və fermerlərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.