“Ehtiyatlılıq səbəbindən bəzi mətbuat nümayəndələri və işçilər müvəqqəti olaraq başqa yerə köçürüldü”
Vaşinqtonda Fələstin tərəfdarının etirazları səbəbilə Ağ Ev əməkdaşları və ABŞ-dakı media nümayəndələri ehtiyat tədbiri olaraq təxliyə ediliblər. AYNA xəbər verir ki, bu barədə “New York Post” Ağ Evin Məxfi Xidmətinə istinadən məlumat yayıb.
“Ehtiyatlılıq səbəbindən bəzi mətbuat nümayəndələri və işçilər müvəqqəti olaraq başqa yerə köçürüldü”, - deyə qeyd olunub.
Qeyd edək ki, yanvarın 13-də ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı zərbələr endirməsindən sonra Vaşinqtonda etirazlar başlayıb. Fəallar Ağ Evin yaxınlığında quraşdırılmış çəpəri sökməyə çalışıblar. Hadisə yerinə polislər gəlib və nümayişçilər onlara oyuncaqlar və butulkalar atıblar.
Xatırladaq ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənə koordinasiyalı hücuma başlayıb. Ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub. Zərbələr üçün döyüş təyyarələri, gəmilər və qanadlı raketlərdən istifadə edilib. Hərbi əməliyyat İran tərəfindən fəal şəkildə dəstəkləndiyi güman edilən Yəmən husiləri tərəfindən nəqliyyat və döyüş gəmilərinin davamlı atəşə tutulmasına cavab olub.
Öz növbəsində husilər “güclü və təsirli cavab” ilə hədələyiblər. Yəmənin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Əbdülsalam Cahaf “bölgəni yanğın yerinə çevirməyə” söz verib.