Adi faşizm: Kreml onu təkrar “bacardı”

Aktual

11.10.2022 - 18:45

Rusiya Qərb dövlətləri tərəfindən terror dövləti kimi tanınacaq

Bu gün “Adi faşizm” yadıma düşdü - rejissor Mixail Rommın “Mosfilm” kinostudiyasında çəkilmiş və 1965-ci ildə ekranlara çıxan Sovet ikihissəli publisistik sənədli filmi. Film faşizmin tarixindən və ideologiyasından, bu fenomenin İtaliyada yaranmasından, onun İspaniyada və digər Avropa ölkələrində daha da yayılmasından bəhs etsə də, əsas diqqət totalitar sistemə və İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının cinayətlərinə yönəlib.

Yadıma düşdü, ona görə ki, oktyabrın 10-da Ukrayna Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumuna məruz qaldı. Ukraynanın bir sıra şəhərlərində, o cümlədən Kiyevdə partlayışlar baş verdi. Kiyevə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb. Bu rəqəm, təəssüf ki, artacaq. Çünki Rusiyanın törətməyə hazır olduğu cinayətlərin sonu görünmür.

Və o, sadəcə bunları elə-belə etmir. O, bunu həvəslə nümayiş etdirir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-u səhər saatlarında Ukrayna şəhərlərinin atəşə tutulmasının “Kerç boğazında Krım körpüsünə terror hücumuna cavab olduğunu” deyib. O, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının operativ iclası zamanı bildirib.

“Bu gün səhər Müdafiə Nazirliyinin təklifi və Baş Qərargahın planına əsasən, Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirilib”, - deyə Putin bildirib.

O, zərbəni “Kiyevin addımlarına cavab” adlandırıb: “Ukrayna xüsusi xidmət orqanları Kursk AES-ə qarşı üç terror aktı həyata keçirib və “Türk axını”nı parlatmağa cəhd ediblər. Ukraynanın terror aktları davam edərsə, Rusiyanın cavabları miqyas baxımından Ukraynanın Rusiyaya yaratdığı təhdidlərin səviyyəsinə uyğun olacaq”.

Yəni Putin Ukraynanın dinc şəhərlərini bombalamağa davam edəcəyinə söz verib.

Oktyabrın 10-u səhər saatlarında Ukraynaya raket hücumu zamanı Rusiya raketlərindən birinin Rumıniyanın Kiyevdəki səfirliyi yaxınlığında yerə düşdüyünü burada dəqiqləşdirməyin mənası var. Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku “Twitter” hesabında məlumat verib. Nazirin sözlərinə görə, raketlərdən biri şəhərin mərkəzində, Mixail Kotsiubinski küçəsində yerləşən Rumıniya səfirliyindən 850 metr aralıda partlayıb. Həmin an səfirliyin əməkdaşları sığınacaqda olublar.

"Mən Rusiyanın Kiyevin mərkəzində və Ukraynanın digər şəhərlərində mülki hədəflərə raket hücumlarını qətiyyətlə pisləyirəm. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və insanların ölümünə səbəb olur", - deyə Auresku bəyanatında bildirib.

Almaniyanın Kiyevdəki səfirliyinin Lev Tolstoy küçəsindəki “101 Tower” biznes mərkəzində yerləşən viza bölməsi hücumdan zərər çəkib. Şüşələrin sınıb-töküldüyü binanın fotolarını Kiyevdəki Henrix Böll Fondunun keçmiş rəhbəri Sergey Sumlenni “Twitter”də yayıb.

O, Almaniya kansleri Olaf Şoltsun, xarici işlər naziri Annalena Berbokun və Almaniya Müdafiə Nazirliyinin adlarını təq edərək yazıb: “Hər hansı reaksiya olacaq? Bəlkə, bir neçə “Leopard” göndərəsiniz ki, vəziyyəti yerindəcə yoxlasın?”.

Kinli ironiyadır. Sadəcə başqa cür ola bilməz. Xüsusən də Almaniyanın iki keçmiş kansleri Şröder və Merkelin Rusiyanın güclənməsində, Avropanın öz neft və qazından tam asılılığına şərait yaratmaqda oynadıqları biabırçı rolu xatırlayanda. Şröder, yeri gəlmişkən, Rusiyada rəsmi olaraq əmək haqqı alırdı. İndi Merkelin bu addıma hansı motivlər qatdığı və hərəkətə gətirdiyi gələcəkdə görünəcək.

Bu arada, dünya bir daha əmin oldu ki, Rusiya ilə heç bir danışıqlar mümkün deyil. Son zamanlar müxtəlif ölkələrdən və müxtəlif səviyyələrdən olan siyasətçilər məhz bu ideyanı təbliğ etməyə çalışıblar.

Ümid edirəm ki, ən azı indi öz təkliflərinin mənasızlığını və yersizliyini dərk ediblər. Bu arada, Estoniya parlamenti Rusiyanın Ukraynaya kütləvi raket hücumlarından sonra Rusiyanın terrorçu ölkə kimi tanınması məsələsini müzakirə edəcək. Bu barədə Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Marko Mihkelson “Twitter” səhifəsində məlumat verib.

"Estoniya Parlamenti Rusiya rejimini terrorçu adlandıran qətnamə təqdim edəcək. Zəhmət olmasa, bizə dəstək olun!", - deyə o yazıb.

Əminəm ki, bu qətnamə qəbul olunacaq. Əvvəlcə Estoniya parlamentində, sonra Litva və Latviya parlamentlərində… Daha sonra isə bir çox Qərb dövlətləri Rusiyanı terrorçu ölkə kimi tanıyıyacaq. Və bu, doğru addım olacaq. Çünki indi yaşadığımız və gördüyümüz adi faşizmdir.

Müəllif: Əkbər Həsənov