Atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 15-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5–9, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 16-da Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.